İŞİD-in daha bir gürcü əsilli fəal üzvü ölüb

30.11.2018 15:27
41
İŞİD-in daha bir gürcü əsilli fəal üzvü ölüb

İŞİD-in daha bir gürcü əsilli nüfuzlu üzvü, “ədliyyə naziri” Adam Qumaşvili ölüb.


AZƏRTAC xəbər verir ki, Gürcüstanın Pankisi dərəsinin Djokolo kəndindən olan 44 yaşlı Adam Qumaşvili Suriyaya 2013-cü ildə oğlu Sultan ilə birlikdə keçib. Sultan 2016-cı ildə 21 yaşında İŞİD terror qruplaşmasının tərkibində döyüşərkən öldürülüb.


“Rustavi 2” televiziyasının yaydığı xəbərə görə, A.Qumaşvilinin öldüyünü qohumları və həmkəndliləri də təsdiqləyiblər. Amma onun hansı səbəbdən öldüyü dəqiq məlum deyil.

Məlumat üçün qeyd edək ki, A.Qumaşvilinin ölüm xəbəri hələ 2017-ci ilin noyabrında Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin Tbilisinin mərkəzində İsani-Samqori rayonu ərazisindəki Qabriel prospektindəki evlərin birində antiterror əməliyyatı keçirən zaman yayılmışdı.


O zaman terrorist Əhməd Çatayev öldürülərək zərərsizləşdirilmişdi. Onunla birlikdə ölənlərdən birinin məhz Adam Qumaşvilinin olduğu ehtimal olunurdu. Lakin sonradan bu məlumat öz təsdiqini tapmadı.


Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin məlumatına görə, hazırda Suriya və İraqda müxtəlif

terror təşkilatlarının tərkibində 30-a yaxın Gürcüstan vətəndaşı döyüşür.

Pankisi icmasının “Way” radiosunun məlumatına görə, 2012-2016-cı illər ərzində Suriyada Pankisidən olan 21 nəfər ölüb. Onların əksəriyyəti 20 yaşlarında olub.


Ekspertlərin fikrincə Gürcüstandan Suriyaya getmək istəyənlərin sayı 2017-ci ildə xeyli azalıb. Buna İŞİD-in hərbi uğursuzluqları səbəb olub.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND