«Baku Open»də üçhakimiyyətlilik yaranıb

30.11.2018 10:02
41
«Baku Open»də üçhakimiyyətlilik yaranıb


Bakıda şahmat üzrə «Baku Open» beynəlxalaq turniri davam edir. Yarışda 8 ölkəni 156 zəka sahibi təmsil edir.


Dünən turnirdə 6-cı tura yekun vurulub. Turun nəticəsindən asılı olaraq, həmyerlimiz Eltac Səfərlinin vahid liderliyinə son qoyulub və yarış cədvəlində üçhakimiyyətlilik yaranıb. Eltacın liderliyi əldən verməsinin səbəbi onun son turda digər həmyerlimiz - Qədir Hüseynovla heç-heçə oynamasıdır. Eltacın bu itkisindən Eldar Həsənov (Ukrayna) və Jamsaran Tsıdıpov (Rusiya) maksimum yararlanmaqla onu haqlayıblar. Hazırda yarış cədvəlinə hərəyə 5,5 xalla bu üçlük liderlik edir. Ev sahiblərindən Qədir Hüseynov, Loğman Quliyev və Vüqar Əsədldi isə liderlərdən cəmi 0,5 xal geri qalır.


Qazaxıstanda keçirilən və həmyerlimiz Azər Mirzəyevin də qatıldığı «Pavlodar Open»də isə 8-ci turun partiyaları başa çatıb. Təəssüflər olsun ki, 7-ci turdan sonra yarış cədvəlində 3-cü pillədən 5-ci yerə düşən Mirzəyev hesabat matçında da xal itkisiylə üzləşib. Həmyerlimiz bu dəfə rusiyalı Yevgeni Vorobyevlə xal bölüb. Bununla da aktivindəki xalların sayını 6-ya çatdıran Azər yarış cədvəlinə vahid liderlik edən ev sahibi Petr Kostenkodan 1 xal geri qalmaqla 5-ci pillədəki mövqeyini özündə saxlayıb.

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND