Cavid Qurbanov: “Atillanın ayağı dəyən hər bir torpağa iddialıyıq”

07.12.2018 12:51
357
Cavid Qurbanov: “Atillanın ayağı dəyən hər bir torpağa iddialıyıq”

“Vaxtilə Vorontsov Lazerevi Təbrizin komendatı təyin etmişdi. Lazerev əslində Lazaryandır. Ona görə də ona “Lazaryan klubu” desək daha yaxşı olar. "Lazaryan klubu”nun üzvü olan Zatulin də gedib orada yallanır. Ona görə də reallığa uyğun hardasa səs çıxarmalıdır, nəsə söz deməlidir. Zatulinin İrəvanda dedikləri, bu, sadəcə iki ölkə arasında olan münasibətləri korlamağa yönəlmiş siyasətdir”.

 

Ekspress.az xəbər verir ki, bu fikirləri Milli Məclisin dekabrın 7-də keçirilən iclasında “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri, deputat Cavid Qurbanov 30 noyabr - 1 dekabr tarixlərində İrəvanda keçirilmiş Rusiya-Ermənistan “Lazerev klubu”nun birinci iclasını tənqid edərkən səsləndirib.

 

Cavid Qurbanov Rusiya Dövlət Dumasının üzvü Konstantin Zatulinin sözügedən klubun iclasında ölkəmizin əleyhinə səsləndirdikləri fikirlərə münasibət bildirərək deyib ki, rusiyalı deputatın məqsədi Rusiya-Azərbaycan münasibətlərinə kölgə salmaqdır. Lakin deputatın fikrincə, Zatulinin fikirləri ölkələrimiz arasındakı münasibətlərə zərrə qədər də təsir edə bilməz.

 

“Bu yaxınlarda biz cənab prezidentin başçılığı ilə Rusiyada hökumətlərarası komissiyada iştitak etdik. İnanın ki, mən orada içəridəki münasibətləri bilirəm. Çox gözəl münasibət, çox gösəl istilik var və Rusiya ilə bizim işlərimiz, hər şey qaydasındadır. Cənab prezidentin özünün dediyi kimi, ötən il 800 min rus bura gəlib. İndi yöxlasınlar, görsünlər Ermənistana hərbçilərdən başqa kim gedir? Adicə bizim dəmir yolunda yükdaşımalarda 9 faiz artım var. Zatulinlərin əsas məqsədi münasibətləri, istilikləri pozmağa yönəlmiş bir şeydir. Buna da cırnamaq lazım deyil. Ölkəmizin mövqeyi gücləndikcə, ölkəmizin reytinqi artdıqca bu məsələlər ortaya çıxacaq. Ermənilər bilməlidir ki, biz öz torpaqlarımızdan imtina edəsi deyilik. Əvvəl-axır Atillanın ayağı dəyən hər bir torpağa biz iddialıyıq. O torpaqlar Azərbaycanın əzəli torpaqlarıdır. Ermənilərin yerləşdiyi torpaqlar da bizim torpaqdır, Hüseynqulu xanın torpağıdır və biz o torpağı qaytarıb almalıyıq. Bizim işimiz siyasətimizi düzgün aparmaq, ölkəmizi gücləndirmək, iqtisadiyyatımızı yüksəltmək və torpaqlarımızı geri almaqdır”, - deyə Cavid Qurbanov bildirib.

 

Xatırladaq ki, İrəvanda "Lazerev klubu"nun iclasında K.Zatulin, eləcə də Rusiya XİN-in Veteranlar Şurasının keçmiş sədri, fövqəladə və səlahiyyətli səfir ranqı olan Vladimir Kazimirov, MDB ölkələri institutunun direktor müavini Vladimir Yevseyev və digər şəxslər Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı açıq hücum xarakteri daşıyan fikirlər səsləndiriblər.

 

Onu da qeyd edək ki, erməni diasporunun dəstəyi ilə Rusiya Dövlət Dumasına üzv seçilən Zatulin uzun illərdir erməni lobbiçiliyi ilə məşğul olur. 

 

Aqil ASLAN

Açar sözlər: