• AZN:
  • USD 1.7000
  • EUR 1.9649
  • RUB 0.0260
  • GBP 2.2393
  • TRY 0.2990
  • GEL 0.6355
  • Qızıl 2077
  • USD:
  • EUR 0.868
  • TRY 5.58
  • RUB 65.4
  • GBP 0.762
  • AED 3.67
  • Neft 80.26

Dəfndə yeni qaydalar

06.10.2018 14:07
83
Dəfndə yeni qaydalar

“Dəm-dəsgaha, artıq xərclərə ehtiyac qalmayacaq”


Milli Məclisin dünənki iclasında deputatlar İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsini də müzakirəyə çıxararaq qəbul etdilər. Bununla da Məcəlləyə yeni - 516-1 (Qəbiristanlıqların idarə olunması qaydaları haqqında qanunvericiliyin pozulması) maddəsi əlavə olundu.


Həmin maddəyə əsasən, dəfn barədə məlumatın dəfnlərin vahid reyestrində yerləşdirilməməsinə və ya vaxtında yerləşdirilməməsinə görə vəzifəli şəxslər 100 manatdan 300 manatadək məbləğdə cərimə edilirlər.


Qəbiristanlıqların qorunması tələblərinin, habelə dəfnlərin təşkili zamanı sanitariya-gigiyena normalarının pozulmasına görə fiziki şəxslər 20 manatdan 50 manatadək məbləğdə, vəzifəli şəxslər 500 manatdan 1000 manatadək məbləğdə cərimə olunacaqlar.


Bundan başqa, qəbir yerlərinin rezervasiyası tələblərinin pozulması, dəfnə icazə verilməyən ərazilərdə dəfnlərin həyata keçirilməsinə görə 500 manatdan 1000 manatadək məbləğdə cərimə tətbiq ediləcək.


“Bələdiyyələrin statusu haqqında” qanununa təklif olunan dəyişikliklərin müzakirəsi zamanı çıxış edən deputat Siyavuş Novruzov bildirdi ki, yaxın zamanda Nazirlər Kabineti tərəfindən nümunəvi qəbiristanlıqların yaradılması və idarə olunması ilə bağlı sərəncam olacaq.

Dediyinə görə, sənəddə qəbiristanlıqlar üçün yerlərin ayrılması, idarə olunması, formaları kimi məsələlər öz əksini tapacaq. “Bəzən insanlar tərəfindən qəbiristanlıqlarda qabaqcadan yerlər alınır. Bu məsələlərdə ardıcıllıq həyata keçirilməlidir. Hökumət tərəfindən hazırlanan sənəd belə problemlərin qarşısını alacaq. Bu qədər dəm-dəsgaha, artıq xərclərə ehtiyac qalmayacaq”.


Novruzov qeyd etdi ki, qanuna əsasən, bələdiyyələrin üzərinə yasla bağlı xərclərin qoyulması onların işində çətinliklər yarada bilər: “Əgər kiminsə dəfn etməyə imkanı yoxdursa, o zaman bələdiyyələr belə insanlara yalnız dəfn mərasimində yardım etməlidir. Amma yas mərasimini ev sahibi özü istəyinə uyğun şəkildə keçirməlidir. Əgər biz bələdiyyələrə yas mərasimi ilə bağlı səlahiyyət versək, o zaman hər kəs bələdiyyəyə müraciət edəcək və bu da onların üzərinə yük olacaq”.


Deputat Fazil Mustafa isə bildirdi ki, qəbiristanlıq yerlərinin satılması, yaxud o yerlərin kiməsə verilməsi halında başqa qurumlar buradan vəsait götürürlər. “Amma qorunma, saxlanma bələdiyyənin üzərinə qoyulur. Əslində bu məsələlər bələdiyyələrə verilməlidir. İmkan yaradılmalıdır ki, torpağı da onlar versin, yeri də onlar ayırsın. Bələdiyyələrə öz ərazisində bir sıra funksiyaları həyata keçirmək imkanı verilməlidir”.


Deputat İlham Əliyev isə dedi ki, kənd bələdiyyələrinin maliyyəsi yoxdur. “Maliyyəsi olmayan yerdə onları yükləmək düzgün deyil. Çünki yerli əhali bu zaman bələdiyyəyə müraciət edir. Bələdiyyənin yas mərasimini təşkil etməsi onun gücündə deyil. Həmçinin bu məsələ qəbiristanlıqların abadlaşdırılmasına da aiddir”, - deyə deputat bildirdi.


Deputat Qənirə Paşayeva isə hesab edir ki, qəbiristanlıqların salınması, saxlanılması, qorunması, idarə olunması, abadlaşdırılması və bələdiyyə ərazisində yaşayan əhalinin aztəminatlı təbəqəsindən olan mərhumların dəfn və yas mərasimlərinin təşkilinə yardım məqsədilə bələdiyyələrə büdcə ayrılmalı, vəsait verilməlidir. Onun sözlərinə görə, bu günə qədər bələdiyyələrin üzərində sadəcə bələdiyyə ərazisində yaşayan əhalinin aztəminatlı təbəqəsindən olan mərhumların dəfn və yas mərasimlərinin təşkilinə yardım məsələsi vardı. “Amma mənim kimi kənd rayonlarını təmsil edən millət vəkilləri yaxşı bilir ki, bələdiyyələr bu istiqamətdə işlər görmürdülər və ya görə bilmirdilər. Deyirdilər ki, bunun üçün bizim büdcəmizdə vəsait yoxdur. Vətəndaş isə qanunda bu məsələnin olduğunu və qanunla bələdiyyənin onlara dəstək olmalı olduğunu deyirdi və bir sıra hallarda bələdiyyə ilə sakinlər arasında gərginlik, narazılıqlar yaranırdı. Bir neçə gün əvvəl bələdiyyə ərazilərində reklam lövhələrinin yerləşdirilməsindən gələn gəlirin toplanması da bələdiyyədən alındı. Bununla bağlı yaranmış orqana verildi və oradan gələn gəlirin sadəcə 10 faizinin bələdiyyələrə veriləcəyi bildirildi”.


Paşayeva bildirib ki, indi isə bələdiyyələrin üzərinə qəbiristanlıqarın salınması, saxlanılması, qorunması, idarə edilməsi, abadlaşdırılması kimi əlavə səlahiyyət və vəzifələr də qoyulur. Bunların çox ciddi məsələlər olduğunu deyən deputatın sözlərinə görə, sabah bələdiyyələr qanunla üzərinə düşən vəzifələri “maliyyə təminatımız yoxdur” deyərək etməyəndə vətəndaşla ciddi narazılıqlar yarana bilər. “Ona görə də bu səlahiyyətlərin verilməsi ilə yanaşı, bələdiyyələrin bu işləri həyata keçirə bilməsi üçün maliyyə mənbələri, qaynaqları məsələsinə mütləq baxmaq lazımdır və 2019-cu il büdcəsində bunları nəzərə almaq və lazım gələrsə, bunun üçün bələdiyyələrə vəsait ayırmaq lazımdır. Yoxsa bu sahədə hər hansı ciddi bir addım, işlər olmayacaq, tam əksinə, sakinlərlə bələdiyyə arasında narazılıqlar arta bilər”,- deyən Q.Paşayeva inanır ki, bu məsələlərə ciddi diqqət yetiriləcək və öz həllini tapacaq. “Çünki qəbiristanlıqların salınması, saxlanılması, qorunması, idarə edilməsi, abadlaşdırılması və eyni zamanda əhalinin aztəminatlı təbəqəsindən olan mərhumların dəfn və yas mərasimlərinin təşkilinə yardım məsələsi çox vacib məsələlərdir və onların həyata keçməsi üçün mexanizmlər işlək olmalıdır”.

  • SON XƏBƏR
  • TREND