• 15 °C Bakı
  • 12 °C Quba
  • 18 °C Gəncə
  • 16 °C Yevlax
  • 12 °C Naxçıvan

Enerji içkiləri - MÜASİR BƏLA

27.02.2019 00:05
292
Enerji içkiləri - MÜASİR BƏLA

Bir ara enerji içkiləri çox dəbdə idi. Onların ziyanı haqqında çox az adam bilirdi. Xüsusilə də, bu müddət ərzində xeyli insan, bəlkə də kütləvi olaraq enerji içkilərini içirdilər.


Ekspress.az xəbər verir ki, indi də bu içkilər açıq satılır, məktəb ətrafında mağazalarda da var. Bu içkilərin satışı ilə bağlı 18 yaşına çatmayanlar üçün məhdudiyyət var. Amma buna əməl edirlərmi?

 

Təəssüf ki, enerji içkilərini uşaqların da çox sevdiyini nəzərə alaraq valideynlər enerji içkilərini övladlarına da verir ki, uşağın gözü qalmasın. Son vaxtlar bu içkilərin zərərindən bəhs edən xeyli məlumatlar yayılsa da, enerji içkilərdən xeyli insan gündəlik istifadə edir. Onların arasında uşaqların da olması sarsıdıcı haldır.

 

Bu gün xüsusilə də yeniyetmələrin sevdiyi enerji içkiləri ilk dəfə 1980-ci ilin əvvəllərində hazırlanmışdır. Avstriya vətəndaşı Ditrix Mateşiç uzun illər sonra sənaye məqsədilə istifadə etməyə qərar verdiyi içkini enerji içkisi kimi icad edib və istifadəsinə başlamışdır. Hazırda isə “Red Bull” enerji içki bazarının 70 faizini əhatə edir.

 

Enerji içkilərinin zərəri əsasən tərkibində olan kofeinlə əlaqələndirilir və ümumən sağlamlığa zərərli olması qəbul edilir. Bu səbəbdən bir çox ölkələrdə bu məhsulların istehlakı qanun və ya qaydalarla tənzimlənir. Bu tənzimləmə eyni zamanda enerji içkilərinin reklamı və satışını da əhatə edir.

 

Qeyd edək ki, 2004-cü ildə Avropa İttifaqında qəbul edilən tələblərə əsasən, 1 litrində 150 mq və daha artıq kofein olan enerji içkilərinin üzərində əlavə xəbərdarlıq yazısı yerləşdirilməlidir. 2014-cü ildən bu qayda daha da sərtləşdirilir və müəyyən edilir ki, 100 ml-də 1 mq və daha artıq kofein olan enerji içkilərinin üzərində "Yüksək kofein tərkiblidir. Uşaqlar, hamilə və uşaq əmizdirən qadınlara tövsiyə olunmur” yazılmalıdır. Ancaq məhdudiyyətlər bununla da bitmir. Yüksək həcmdə kofein istehlakından qaynaqlanan problemlər enerji içkilərinin müəyyən şərtlər daxilində Danimarkada, Türkiyədə, Norveçdə, Uruqvayda, İslandiyada qadağan olunmasına səbəb olub. İsveçdə də enerji içkilərinin satışında məhdudiyyətlər tətbiq edilir və ümumiyyətlə, həmin məhsulların 15 yaşına çatmamış uşaqlara satışı tamamilə qadağan edilir. 2012-ci ildən Macarıstanda tərkibində yüksək kofein olan enerji içkilərinə "ictimai səhiyyə vergisi” ("public health tax”) tətbiq olunur”.

 

Ümumdünya Səhiyyə Təşkilatının nəşrlərində enerji içkilərinin reklamı, yayılması və satışına qarşı aşağıdakı tədbirlərin görülməsi tövsiyə olunur:

1. Enerji içkilərinin tərkibində olan kofeinin icazə verilən son həddi müəyyənləşdirilsin;

2. Enerji içkilərinin tərkibində olan kofeinin uşaqların və yeniyetmələrin inkşafında zərərli təsirlərinin olması nəzərə alınaraq uşaqlara satışı məhdudlaşdırılsın;

3. Ailələr enerji içkilərinin zərərləri haqqında məlumatlandırılsın;

4. Enerji içkilərinin yaratdığı fəsadlar və zərərləri barədə geniş maarifləndirmə tədbirləri həyata keçirilsin.

 

 

Tibbi ekspert, tibb elmləri üzrə professor Adil Qeybulla bildirib ki, enerji içkilərin tərkibində müxtəlif maddələr, kofein var: “Enerjili içkilər bir müddət orqanizmi tonusa gətirmək gücünə qadirdir. Amma bu içkilər həm də ürək fəaliyyətini, sinir sisteminin fəaliyyətini fəallaşdırdıqda uzun müddət onlardan istifadə etmək məqsədəuyğun deyil. Təəssüflər olsun ki, belə içkiləri uşaqlara da “Heç nə olan deyil!” deyib verən valideynlər var. Məktəbyaşlı uşaqların enerji içkilərdən istifadəsi qəti yolverilməzdir. Bəzən məktəb yanında olan bufetlərdə, məktəbin özündə bu cür içkilərin satılması çox narahat doğuran məsələdir. Çünki bu cür içkilərin mütəmadi qəbul olunması ürək əzələlərin yorulmasına, kardiomeopatiyaya səbəb olur, hətta bu enerji içkilərinin təsiri altında ürək çatışmazlığından dünyasını dəyişənlər də var. Hesab edirəm ki, valideynlər bu məsələdə çox diqqətli olmalıdırlar. Yetkin insanlar belə enerji içkilərdən istifadəyə çox alüdə olmamalıdır”.

 

Qeyd edək ki, bu içkiləri dozayla ciddi uyğunluqda istifadə etmək lazımdır. Günə 2 şüşə maksimal dozadır. Artıq doza qanda təzyiqin qəfildən qalxmasına və ya qanda şəkərin səviyyəsinin artmasına səbəb ola bilər. Ürək xəstəlikləri və hipertoniyadan əziyyət çəkənlərə energetik içkilər məsləhət görülmür. Məhz buna görə Fransa, Danimarka və Norveçdə energetik içkilər rəsmi şəkildə qadağandır, adı çəkilən ölkələrdə bu məhsullar yalnız apteklərdə satılır.


Energetik içkilərin orqanizmi enerji ilə təmin etməsi fikri əsassızdır. İçki yalnız bədənin daxili ehtyatlarına yol açır, bir növ açar funksiyası daşıyır. Biz şəxsi enerji mənbəyimizdən istifadə edirik və ya sadə dillə desək, biz orqanizmdən enerji alırıq. Nəticədə, gec və ya tez biz orqanizmimizə olan borcumuzu yorğunluq, yuxusuzluq, əsəbilik və depressiya yolu ilə faizlə geri qaytarmağa məcbur oluruq.


Hər bir stimulyator kimi energetik içkilərin tərkibində olan kofeinlə əsəb pozğunluğuna gətirib çıxara bilər. Onun təsir gücü ortalama 3-5 saat sürür, sonra isə orqanizm istirahətə ehtiyac duyur. Bundan əlavə, kofein asılılıq da yaradır. Tərkibində qlükoza və kofein birləşməsi olan içkilər cavan orqanizm üçün çox ziyandır.


Bir çox energetik içkilərin tərkibində sürətli ürək döyüntüsü və titrətməyə səbəb olan B vitamini mövcuddur. Fitnes sevenlər unutmamalıdırlar ki, kofeinin bunlardan əlavə güclü sidikqovucu təsiri mövcuddur. Fiziki aktivlik zamanı orqanizm küllü miqdarda maye itirdiyi üçün məşqlərdən sonra energetik içki içmək düzgün deyil.


Energetik içkilərin tərkibində, həmçinin taurin və qlyukoronlakton da mövcuddur. Habelə bu cür içkilərdə taurinin səviyyəsi qida ərzaqlarında yol verilən ümumi miqdardan bir neçə dəfə yüksəkdir, qlyukoronlaktonun miqdarı isə iki şüşədə gündəlik normanı 500 dəfə üstələyir. Alimlər hətta indiyə kimi bu cür tərkib hissənin orqanizmə necə təsir göstərdiyini və kofeinlə necə qarşılıqlı əlaqəyə girdiyini dəqiq bilmirlər. Buna görə də bu cür qidalarda yüksək dozadan təhlükəsiz istifadə hələ də müəyyən edilməyib və bu məsələ hələdə araşdırılmalıdır.

 

Aynurə Məmmədova


Ekspress.az

 

  • SON XƏBƏR
  • TREND