Gəncə-Gürcüstan avtomobil yolu 4 zolaqlı olacaq

12.01.2019 15:05
62
Gəncə-Gürcüstan avtomobil yolu 4 zolaqlı olacaq

Bu il Gəncədən Gürcüstan sərhədinə qədər ikizolaqlı yol dörd zolaqlı yolla əvəz ediləcək. Bununla bağlı məlumatı Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında bildirib.


Cənab Prezident söyləyib ki, keçən il 2 min kilometr avtomobil yolu salınıb. Bunun rekord göstərici olduğunu söyləyən Prezident xatırladıb ki, 2004-cü ildən bu günə qədər 15 min kilometr avtomobil yolu salınıb: "Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarında yol infrastrukturunun keyfiyyətinə görə Azərbaycan dünyada 34-cü yerdədir. Biz inkişaf etmiş bir çox ölkələri də qabaqlayırıq və bu proses davam etdiriləcək. Keçən il 920 kəndin yol infrastrukturu yaxşılaşıb, yeni yollar salınıb. Bu yaşayış məntəqələrində 2,2 milyon insan yaşayır. Yəni, 2,2 milyon insanın yol problemi həll olunub. Bildiyiniz kimi, bu, eyni zamanda, iqtisadi amildir. Çünki yol olan yerdə kənd təsərrüfatının inkişafı da sürətlənir, yol olan yerdə sosial məsələlər də öz həllini tapır, o cümlədən xəstəxanalara insanlar daha da tez çata bilirlər. Yəni, bunun çox böyük əhəmiyyəti var. Bu il investisiya proqramında yol tikintisi üçün kifayət qədər vəsait nəzərdə tutulub. Bu il ən azı, hələlik ən azı 1000 kilometr yeni yol salınacaqdır. Onların arasında əlbəttə ki, yüzlərlə kənd yolları var, eyni zamanda, magistral yolların tikintisinin davam etdirilməsi layihələri var".


Prezident İlham Əliyev deyib ki, 2019-cu ildə Astaradan İran sərhəddinə qədər yeni yol salınacaq: "Çünki biz Bakıdan Astaraya qədər yeni yol salmışıq. Çox gözəl yoldur və məsafəni də təqribən 40 kilometr qısaldır. Eyni zamanda, bu magistral yol şəhərlərə girmədən gedir və hər bir şəhərə ayrıca giriş nəzərdə tutulubdur. Ancaq Astara şəhərindən İran sərhədinə qədər yol yoxdur, yol şəhərin içindən keçir. Ona görə biz bu layihəni də icra edəcəyik. Plana görə, bu ilin sonunadək Astaradan İran sərhədinə qədər yeni dördzolaqlı yol çəkiləcək və beləliklə, yük maşınları Astara şəhərinə girmədən, vətəndaşları narahat etmədən sərhədə qədər gedə biləcək".


Bu il yeni Sumqayıt-Rusiya sərhədi yolunun tikintisi üçün də böyük vəsait nəzərdə tutulub. Cənab Prezident söyləyib ki, bu, sahil boyu ilə Rusiya sərhədinə gedən tamamilə yeni bir yoldur: "Beləliklə, həm Rusiya sərhədinə gedən ikinci yolumuz olacaq, eyni zamanda, çox keyfiyyətli yol olacaq. Bununla yanaşı, bu günə qədər boş qalan torpaqlarda canlanma olacaqdır. Çünki bu ərazilər istifadəsiz qalmışdı. İndi o ərazilərdə kənd təsərrüfatının inkişafı üçün müxtəlif layihələr icra edilir. O cümlədən Taxtakörpü su anbarı və Ceyranbatana qədər gələn kanal da əlbəttə ki, o torpaqlara suyun verilməsini təmin edir. Sumqayıt-Rusiya sərhədi yolunun böyük hissəsi bu il icra edilməlidir".

  • SON XƏBƏR
  • TREND