• 8 °C Bakı
  • 3 °C Quba
  • 8 °C Gəncə
  • 8 °C Yevlax
  • 6 °C Naxçıvan

2018-ci ildə güləşçilərimiz beynəlxalq yarışlarda 285 medal qazanıb

07.01.2019 19:21
102
2018-ci ildə güləşçilərimiz beynəlxalq yarışlarda 285 medal qazanıb

Ötən il güləşçilərimiz beynəlxalq turnirlərdə 285 (72 qızıl, 84 gümüş, 129 bürünc) medal qazanıb. Ekspress.az AZƏRTAC-a istinadən xəbər verir ki, Avropa və dünya çempionatlarında, eləcə də Yeniyetmələrin Yay Olimpiya Oyunlarında 89 medal əldə edilib. Bu da ölkə güləşi tarixində bu baxımdan ikinci (2017-də IV İslam Həmrəyliyi Oyunları da daxil olmaqla, 99 medal qazanılıb) ən yüksək göstəricidir.


İl ərzində sərbəst güləşçilər 157, yunan-Roma güləşçiləri 93, qadınlar isə 35 dəfə fəxri kürsüyə qalxıblar. Böyüklər 103 (32 qızıl, 29 gümüş, 42 bürünc), gənclər 55 (11 qızıl, 17 gümüş, 27 bürünc), yeniyetmələr isə 127 (29 qızıl, 38 gümüş, 60 bürünc) medal əldə ediblər.


Həmçinin böyüklər arasında Avropa çempionatında qazanılan 18 medal Azərbaycan güləş tarixində növbəti rekord olub. Buna qədər ən çox medal 2011-də keçirilən analoji yarışda (14 medal) qazanılıb. Dünya çempionatında qazanılan 5 medal yunan-Roma güləşçilərinin payına düşüb. Komanda hesabında dördüncü yeri tutan “klassiklər” builki dünya kubokunda iştirak hüququ qazanıblar. Xatırladaq ki, ötən il dünya kubokunda ölkəmizi yalnız sərbəst güləşçilər təmsil ediblər. Komanda Firdovsi Umudovun rəhbərliyi ilə ABŞ-dan gümüş medalla qayıdıb.


İkinci dəfə keçirilən 23 yaşadək güləşçilər arasında dünya çempionatında qazanılan 1 qızıl, 4 gümüş, 2 bürünc medal da mühüm uğurlardan olub. Müqayisə üçün qeyd etmək lazımdır ki, 2017-də ilk dəfə bu yaş qrupu üzrə təşkil olunan mundialdakı təmsilçilərimiz 5 bürünc medal qazanmışdılar.

İl ərzində qazanılan uğurlar arasında Yeniyetmələrin III Yay Olimpiadasında əldə edilən nailiyyəti də xüsusi vurğulamaq lazımdır. Yeniyetmə güləşçilərimizin bu mötəbər yarışda qazandıqları 1 qızıl və 1 bürünc medal güləş üzrə bu yaş qrupu üzrə milli komandamızın Azərbaycanda ən güclü komandalardan olduğunu sübut etdi.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND