Əyani oxuyan tələbələrin - 36,8 faizi təqaüd alır

21.01.2019 18:54
253
Əyani oxuyan tələbələrin - 36,8 faizi təqaüd alır

2018/2019-cu tədris ilinin əvvəlinə ölkədə fəaliyyət göstərən 56 orta ixtisas təhsil müəssisəsində 51,7 min tələbə təhsil alıb, onların üçdə iki hissəsini qadınlar təşkil edib. Azərbaycanda bakalavr və magistrlərin hazırlanmasını həyata keçirən 40 dövlət və 12 qeyri-dövlət ali təhsil müəssisəsində, eləcə  də 27 elmi təşkilatda təhsil alanların sayı 176,7 min nəfər olmuşdur ki, onların da 48,2 faizini qadınlar təşkil edib.  

 

Ekspress.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2018-ci ildə ölkənin ali təhsil müəssisələrinə 42,1 min nəfər tələbə qəbul olunub və qəbul geniş profilli ixtisas 

siyahısına uyğun olaraq həyata keçirilib.

  

Bakalavriata qəbul olunan tələbələrin ümumi sayında ödənişli əsaslarla təhsilə qəbul olunanların xüsusi çəkisi 63,9 faiz olub ki, onların da 83 faizi dövlət ali təhsil müəssisələrinin payına düşür. 


Hazırda dövlət ali təhsil müəssisələrinin əyani şöbələrində oxuyan tələbələrin 36,8 faizi təqaüd alır. Ali təhsil müəssisələrində magistr səviyyəsi üzrə akademik göstəriciləri 91-100 bal olan tələbələrə 127 manat, 71-100 bal olan tələbələrə 103 manat, 51-100 bal olan tələbələrə 67 manat, bakalavr səviyyəsi üzrə isə müvafiq olaraq 115, 97 və 61 manat təqaüd müəyyən edilir.  


Ölkənin ali təhsil müəssisələrində Azərbaycan vətəndaşları ilə yanaşı 72 xarici ölkədən 4862 tələbə də təhsil  alır. Əcnəbi tələbələrin sırasında Türkiyə, Rusiya, İran, Gürcüstan, İraq və Türkmənistan vətəndaşları üstünlük təşkil edirlər.  


2018/2019-cu tədris ilinin əvvəlinə xarici ölkələrdə dövlət xətti ilə təhsil alan tələbələrin sayı 751 nəfər təşkil etmişdir. Xaricdə təhsil alan gənclərin 53,9 faizi Bakı, 46,1 faizi isə 

Azərbaycanın müxtəlif regionlarında yerləşən məktəblərin məzunlarıdır. Tələbələrin əksəriyyəti Türkiyə, Rusiya, Almaniya, Birləşmiş Krallıq, və Kanadanın ali təhsil müəssisələrində təhsil alır.  


Açar sözlər:
  • SON XƏBƏR
  • TREND