Turizm şirkətləri kateqoriyalara bölünəcək

22.12.2018 12:26
106
Turizm şirkətləri kateqoriyalara bölünəcək

Bu proses şirkətləri inkişafa stimullaşdıra, rəqabətin sağlam aparılmasına yardım edə bilər

 

 

Ölkədə turizmlə bağlı müəyyən qüsurlar, problemlər olsa da, son vaxtlar bu sahə inkişaf edir və bununla bağlı ediləcək yeni dəyişikliklərdən biri də, turizm şirkətlərinin göstərdiyi xidmətin keyfiyyətinə görə kateqoriyalara bölünməsidir. Ekspertlər bu yeniliyin ümumilikdə turizm şirkətlərinin səviyyəsinin yüksəldilməsinə xidmət edəcəyini bildirirlər. Bununla belə kateqoriyaların verilməsində şəffaflığın, obyektivliyin təmin olunacağına şübhə ilə yanaşanlar da var.



Dövlət Turizm Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Kənan Quluzadə media mümayəndələrinə açıqlamasında bildirib ki, Azərbaycanda turizm şirkətləri A, B, C və s. kateqoriyalara bölünə bilər. Onun sözlərinə görə, kateqoriyaların şirkətlərin göstərdikləri xidmətlərin sayına, çeşidlərinə uyğun müəyyənləşdirilməsi nəzərdə tutulur: “Elə turizm şirkəti var ki, onun fəaliyyət növləri, işçilərinin sayı çoxdur. Onların əlavə olaraq hotel, nəqliyyat, bələdçi xidmətləri göstərmək imkanları var. Hansı şirkətin xidmətlərinin sayı, çeşidləri genişdirsə, o, daha üstün kateqoriya əldə edə bilər. Amma elə şirkət var ki, az sayda işçi ilə fəaliyyət göstərir, onların hotel və s. sahə üzrə xidmət göstərmək imkanları yoxdur. Buna baxmayaraq, imkanları məhdud olan şirkətin də kateqoriya alması mümkündür. Kateqoriyalaşdırma həm şirkətlər, həm də turistlər üçün olduqca əhəmiyyətlidir. Bu proses şirkətləri inkişafa stimullaşdıra, rəqabətin sağlam aparılmasına yardım edə bilər. Kateqoriyalaşdırma, öz növbəsində, turistlərin keyfiyyətli xidmət almasına kömək edə bilər”.


Quluzadə deyib ki, aldıqları kateqoriyadan asılı olmayaraq, bütün şirkətlərin Turizm Reyestrinə daxil edilməsi nəzərdə tutulur: “Reyestr hamı üçün açıq olacaq. Müştəri həmin reyestrə baxdıqda öz büdcəsinə uyğun gələn xidmətləri seçə və həmin xidmətləri göstərə bilən şirkətlərə sifarişlərini verə biləcək”.


Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov “Ekspress”ə bildirib ki, turizm şirkətlərinin kateqoriyalara ayrılması təqdirəlayiq haldır: “Əlbəttə ki, turizm şirkətləri, ekskursiya bələdçiləri, hotellər müxtəlif səpkidə, səviyyədə fəaliyyət göstərdiklərinə görə müxtəlif dərəcələrə bölünməlidir, bir-birindən fərqlənməlidirlər, aralarında rəqabət olmalıdır. Amma bunun mexanizmi işlənib hazırlanmalıdır”.


Ağakərimovun dediyinə görə, turizm şirkətləri əvvəllər lisenziya almalı idilər, amma bu ləğv olunub: “İndi turizm şirkətləri ancaq vergi ödəyir. Turizm şirkətləri haqqında məlumat yoxdur. Bu gün heç bir qurum Azərbaycanda nə qədər turizm şirkətinin və yaxud hotelin fəaliyyət göstərdiyini deyə bilməz, çünki bununla bağlı dəqiq rəqəmlər yoxdur. Dəqiq rəqəmin olmaması, buna nəzarət mexanizminin zəif olmasından irəli gəlir. Bu şirkətlər üçün reyestrə daxil olma yəqin ki, könüllü xarakter daşıyacaq. Hər turizm şirkəti özü haqqında məlumatı özü reyestrə salacaq. Əvvəllər turizm şirkəti və ya hotel fəaliyyət göstərmək üçün mütləq Mədəniyyət və Turizm Nazirliyindən siyahıdan keçməli, lisenziya almalı idilər və bu, məcburi icra olunurdu. Reyestr isə könüllüdür. Turizm şirkətlərinin özü haqda informasiyanı reyestrə daxil edilməsinin nə dərəcədə şəffav, obyektiv olacağı bilinmir”.


Həmsöhbətimiz bildirib ki, turzim şirkətlərinin kateqoriyalara ayrılması üçün mütləq ekspert qrupu yaradılmalıdır: “Necə ki, hotellərə müəyyən qaydalara əsasən ulduz verilirsə, turizm şirkətlərinə də kateqoriyaların verilməsi qaydaları işlənməlidir. Hotellərə ulduz verilməsi ilə bağlı Ümumdünya Turizm Təşkilatının tövsiyələri var. Hotelə 5 ulduzun verilməsi üçün orada nələrin olmasının vacibliyi göstərilib”.


Onun dediyinə görə, turizm şirkətlərinin ekskursiya bələdçiləri olmalıdır, neçə çeşidli xidmət göstərdikləri, neçə turizm növü ilə məşğul olduqları müəyyən olunmalıdır: “A kateqoriyası alan turizm şirkətinin cavab verməli olduğu parametrlər, standartlar dəqiq göstərilməlidir. Turizm şirkətlərinə kateqoriyalar verildikdə aşağı kateqoriyalarda olan turizm şirkətləri motivasiya olar ki, mən də A kateqoriyasını almaq üçün müəyyən olunan işləri görməli, standartlara cavab verməliyəm”.


Turizm sahəsi üzrə ekspert Ramin Zamanov “Ekspress”ə bildirib ki, hər hansısa bir turist ildə bir-iki dəfə öz səfərlərini, istirahətini hansısa bir turizm şirkətinə həvalə edirsə, həmin şirkət həm dövlət, həm cəmiyyət, həm də birbaşa o turistin qarşısında məsuliyyət daşıyan şirkət olmalıdır: “Təbii ki, bu şirkətin həm maliyyə öhdəlikləri, həm keyfiyyəti yüksək olmalıdır, təcrübəsi olmalıdır. Turizm şirkətləri bu tələblərə cavab verməlidir. Bu tələblərə əsasən turizm şirkətləri kateqoriyalara ayrıla bilər. Kateqoriyalar təkcə turizm şirkətlərinin fəaliyyətini məhdudlaşdırmır, həmin kateqoriyalar turizm şirkətlərinin fəaliyyətini qruplaşdırır. Müştəri də bilir ki, ona lazım olan xidmət üçün hansı kateqoriyadan olan şirkətə müraciət edə bilər. Və yaxud xaricdəki agentlər öz operatorlarını seçərkən də turizm şirkətlərini kateqoriyalarına görə rahatlıqla seçə bilərlər. Turizm şirkətlərinin kateqoriyalara ayrılması həm müştəri üçün seçim etmək rahatlığı verir, həm şirkətin cəmiyyətin, dövlətin qarşısında öhdəliklərini müəyyənləşdirir. Turizm şirkətlərinin kateqoriyalara bölünmüsi bu şirkətlərin inkişafını stimullaşdıracaq. Şirkətlər də hardan başlayıb hansı istiqamətə doğru getməli olduqlarını biləcəklər. Bütövlükdə bunu turizm sektorunun inkişafına böyük bir təkan kimi qəbul etmək olar. Turizm şirkətlərinin kateqoriyalara ayrılması obyektiv olmalıdır. Şirkətin fəaliyyəti düzgün qiymətləndirilməlidir. Kateqoriyalaşdırma eyni zamanda turizm haqqında qanunla tənzimlənməlidir. Bəli, Avropada, qonşu ölkələrdə, yaxın və uzaq şərq, bir çox ölkələrdə də turizm şirkətlərinin kateqoriyalar üzrə bölünməsi təcrübəsi vardır və bu təcrübə ildən-ildə bütün dövlətlərdə inkişaf edir, turizm haqqında qanunla tənzimlənir”.


Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev jurnalistlərə açıqlamasında bildirib ki, turizm kateqoriyalarının yaradılması turizm sektorunun inkişafına səbəb olacaq: “Turizm şirkətlərinin kateqoriyalaşdırılması həm şirkətlər, həm də turistlər üçün olduqca əhəmiyyətlidir”.


Quliyev qeyd edib ki, hazırda turizm reyestrinin yaradılması aktualdır: “Tur operatorun fəaliyyəti üçün mütləq şəkildə onların sığorta və bank təminatı olmalıdır”.