Yenilənən çağı ifadə edən səmənini atmaq olmaz

19.03.2019 19:31
348
Yenilənən çağı ifadə edən səmənini atmaq olmaz

Hər Novruzda qırmızı güllü lentlə bağlanmış səmənini süfrəyə qoyur, bayram abu-havasını yaradırıq və bu əsrlərdən gələn adətdir. Səməni ilə bağlı bir sıra sevimli nəğmələr də var. “Səməni, saxla məni, İldə göyərdərəm səni”. Səməni Novuruzun əsas atributlarındandır və dünyanın, həyatın, insanın özünü dərkində, Novruzun əsas mayasında ot motivi durur.


AMEA Folklor İnstitutunun böyük elmi işçisi Elçin Qaliboğlunun Ekspress.az -a sözlərinə görə, səmənini Novruza qədər iki həftə öncə becərirlər: “Düzdür, bu gün səmənini bazara tez çıxarırlar. Bu ticari yarışdır. Səməninin Novruza 10 gün, iki həftə qabaq tökülməsində məqsəd odur ki, ilaxır süfrəsinə, Novruz bayramı günündə süfrəyə qoyulduqda yaşıl qalsın. Səməni Novruz süfrəsinə çıxanda sap-sarı olmasın. Onun saralması Payız əlamətidir.

Səməniyə qırmızı bant da bağlayırlar ki, bu da son dövrlərdə dəb halına düşüb. Səməni həyat, yaşam, yenilənmə, yenilənən çağın gəlişi kimi anlaşılır. Səmənidən halva da düzəldirlər. Səməni halvası çox dadlıdır. Bunu da hazırlamaq da məqsəd o idi ki, qışdan yaza çıxan adamın təbii, güclü qidaya ehtiyacı ödənilsin”.


E.Qaliboğlu bildirib ki, səmənini istənilən yerə atmaq olmaz: “Səmənini axar suya qoymaq gərəkdir. Təbiətdə yaranan təbiətə qismət olur. Bu ümumi anlamdır. Amma səməni dirilişin, yenilənmənin, Novruzun simvoludur. Onu zibilliyə, ayaq altına, yola, istənilən yerə atmaq olmaz. Ulu babalarımızın səməniyə yüksək sayqısı vardı. Onu yazın gəlişinin rəmzi olaraq Novruz bayramında süfrənin başında oxşayırdıq, əzizləyirdik. İnanca görə onu axar suya ya da hündür bir yerə qoymaq lazımdır”.


Qaliboğlunun sözlərinə görə, son illər səməninin müxtəlif formaları meydana çıxır: “Səmənini fərqli biçimlərdə yetişdirirlər. Yazın rəmzi olan səməni çoxaldılır, bazara çıxarılır. Amma yaxşı olar ki, insanlar özləri evlərində səmənini qayğı ilə becərsinlər. Bazarda hazır şəkildə səməni almaqla evdə becərmək arasında fərq çoxdur. Ona görə ki, dünyaya yenicə gözü açılan körpələr, uşaqlar səməninin necə cücərdiyini evdə görür, sevinir, bu haqda maraqlanırlar. Valideynlərin də səməninin nə üçün becərildiyini, bayramın nəyə görə keçirildiyini uşaqlara başa salmaq mənəvi borcudur. Evdə becərməyin gərəyi daha çoxdur. Uşaq səməninin cücərməsini müşahidə edir, bunu təbiətlə müqayisə edir. Xalq nəyi yaradırsa, onu yaratdığı şəkildə inkişaf etdirmək lazımdır. Əks halda həmin dəyərlər, bayram gözdən düşmə təhlükəsi ilə üzləşə bilər”.


Böyük elmi işçi qeyd edib ki, insanların bayram günlərində bir-birinə səməni bağışlaması ulusal ənənənin yaşadılması deməkdir: “Başqası üçün səmənini pay aparmaq ona yenilənmə, canlanma arzulamaq deməkdir. Mən deyərdim ki, başqasına qoğal, şəkərbura aparmaqdansa, səməni aparmaq daha gözəldir. Çünki sən bunu başqasına diləyirsən. Onun ömrü rəvan olsun, xoşbəxt olsun, xoş diləklərinə yetsin.


İnsan yenilənən təbiətdə öz ömrünü görür. İnsan ömrü qısadır, amma hər il o sanki yenilənən təbiətlə birgə yenilənir. Onun da ömrü, həyatı yenilənir. Səməni yaradıcı və yaşadıcı xarakter kəsb edir, bu səbəbdən də səməni bağışlamaq, ən gözəl diləkləri diləməkdir”.


Onun dediyinə görə, Novuruzun təməli min illər öncə qoyulub: “Novruzla bağlı düşüncələrin bugünkü yaşamımızda, çağdaşlıqda, elmi-texniki tərəqqinin sınırsız inkişafı dönəmində, əvvəlki inancların fonunda dərk olunması, bayram rituallarının əməl olunması get-gedə mürəkkəb görünür. Adamlar indi çağdaşlaşıb. Bina evlərində yaşayanların tonqal qalaması mümkün olmadığı üçün bunu daha çox televiziya kanallarından izləyirlər. Kənd yerlərində, həyət evlərində tonqal qalamaq imkanları olur. Mən müşahidə edirəm ki, artıq bayramlarda bu səngiyir”.


Müsahibim deyib ki, bayram tonqalı Azərbaycan türk ruhunun min illər öncə mifologiya düşüncəsindən gələn yaddaş duyğusunu tamam oyadır: “Bizim əcdadlarımızın oda ciddi sayqılı, inamlı münasibəti olub. Od hər şeydən öncə Azərbaycan türkcəsində yaradıcı, yaşadıcı xüsusiyyətə malikdir. Türkün inancları, inamı ilə sıx bağlıdır”.


Qaliboğlu vurğulayıb ki, bu il Novruzun neçənci ilini qarşıladığımızı heç kəs deyə bilməz: “Mifoloji zaman yenilənmiş şəkildə axarla davam edir. Bu da Novruzun mahiyyətində durur. Novruz ümumşərqi hadisədir. Amma hər şeydən öncə Azərbaycan abidəsidir. Ona görə ki, Novruzun mahiyyətində Azərbaycan dəyərlərinin cövhəri yaşayır. Azərbaycan milli dəyərlərində biz kifayət qədər Novruz düşüncələrinin izlərini görə bilirik”.


Aynurə Məmmədova

Ekspress.az

  • SON XƏBƏR
  • TREND