Uşaqlara qarşı zorakılıq – Çox vaxt bunu gizlədirlər

02.05.2019 19:37
2465
Uşaqlara qarşı zorakılıq – Çox vaxt bunu gizlədirlər

Son zamanlar uşaqlara qarşı zorakılıq, uşaqların baxımsız qalması aktual məsələlərdəndir. Köməksiz uşaqlar ya ailə üzvləri, ya da kənar şəxslər tərəfindən zorakılığa, təhqirlərə məruz qalır. Təəssüf olsun ki, uşaqlar çox vaxt qorxduqları üçün bunu gizli saxlayır. 

 

Qeyd edək ki, ÜST-un məlumatına görə, ötən il dünyada 2-17 yaş arası bir milyarda yaxın uşaq fiziki, cinsi və ya psixoloji zorakılığa, yaxud laqeyd münasibətə məruz qalıb. Azərbaycanda fəaliyyət göstərən Uşaq Qaynar Xəttinin ötən ilin yekunları ilə bağlı hesabatına görə 2018-ci il ərzində quruma uşaqların zorakılığa məruz qalması ilə bağlı 3581 müraciət daxil olub.


Hüquqşünas Aynur Musayeva Ekspress.az –a bildirib ki, mövcud qanunvericilik uşaqlara münasibətdə törədilən zorakılıq əməllərinə münasibətdə daha sərt və ciddi cəzalar nəzərdə tutmuşdur: «Belə ki, ilk öncə vurğulamaq lazımdır ki, birgə yaşayışdan sui-istifadə etməklə törədilən zorakılığın qarşısı məişət zorakılığına dair qanunvericilikdə təsbit edilmişdir. Yaxın qohumluq münasibətlərindən, birgə yaşamaqlarından sui-istifadə etməklə uşaqlara fiziki və ya mənəvi zərər vurması məişət zorakılığı hesab edilir. Məişət zorakılığı ilə mübarizə məqsədilə qısamüddətli və uzunmüddətli mühafizə orderlərinin verilməsi qanunvericilikdə nəzərdə tutulmuşdur.

 

Lakin, təqsirkar şəxsin əməllərində cinayət tərkibi olduqda onun barəsində cinayət qanununda nəzərdə tutulmuş cəza seçilə bilər. Belə ki, azyaşlılara qarşı cinayətin törədilməsi cinayətin ağırlaşıdırcı halları hesab olunur. Mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə - əzab vermə cinayəti hesab edilir və təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma hərəkətləri təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu əməllər təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə kimi hərəkətlər təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu hərəkətlər təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

 

Psixoloq Vəfa Rəşidovanın Ekspress.az -a bildirdiyinə görə, ailələrdə uşaqlara qarşı fiziki zorakılıqla tez-tez rastlaşırıq: “Qəzetlərdə və saytlarda, “facebook”da bu haqda çox yazırlar. Qohum-qonşu, tanışlar, dostlar arasında uşaqlara qarşı zorakılıq faktlarını eşidib, bilib, danışanlar var. Uşaqlara qarşı həm psixoloji, həm də fiziki zorakılıq ola bilər”, - deyə o, əlavə edib ki, uşağa zorakılıq göstərən şəxs adətən özü də həyatda zorakılıqla üzləşib: “Psixoloji və ya fiziki zorakılıq görməyən insan əsla kiməsə bunu göstərməyəcək. Belə insanların uşaqlıqda mütləq valideynləri tərəfindən özgüvəni qırılıb. Bunu özü də bilmədən şüuraltı öz qurduğu ailədə də tətbiq edəcək. Bəziləri bunu bilərək edir. Bunlar çox yanlış addımlardır. İnsanın ailə hüzuruna ciddi bir travmalar, çatlar verir”.

 

V.Rəşidova qeyd edib ki, valideyn uşağa qarşı zorakılıq etdiyini hər halda hirsi soyuyandan sonra hiss edir: “Belə bir valideyn bunu anladıqdan sonra özünlə hesab aparsa, və yaxud nevroloqa, psixiatra, psixoloqa gedib zorakılıq etdiyini desə, bununla da neqativ halın qarşısı alınar. Bununla bağlı maarifləndirmə işləri aparılmalıdır. Zorakılığın uşaq psixikasına nə dərəcədə ağır zərbə vurduğunu hər zaman deyirik. Uşaqlara qarşı zorakılıq onların özügüvənini sarsıdır, gələcək həyatında böyük problemlərə səbəb olur. Amma əsəbi olan, zorakılığa əli yatan valideyn, artıq bunu vərdiş halına çevirən valideyn üçün nə qədər maarfiləndirmə aparsaq da, görəcəyik ki, on kəlmədən özünə xeyri olan birini götürüb, uşaqla bağlı doqquz kəlmənin heç birini yadında saxlamayıb. Başa düşürəm ki, valideynlərin əsəbləri korlanıb. Amma uşağı döyən valideyn, sən özün övladının ən böyük düşməninə çevrilirsən, bunu hiss et! Valideynlərə açıq şəkildə bunu deyəndə onlar iradları qəbul etmir və özünü müdafiəyə keçirlər”.

 

Psixoloq diqqətə çatdırıb ki, tez-tez kənar insanların da uşaqlara qarşı zorakılıq etdiyini eşidirik: “Uşaqlara qarşı məktəblərin ayaqyollarında, küçədə, tində və s yerlərdə xoşagəlməz hərəkətlərin olduğundan məlumatımız olur. İnanın mənə, onların qapılarını döyüb o ailəyə gedib “salam-əleykum” desək görəcəyik ki, həmin ailədə mütləq şiddət var. Şiddət görən uşaq təbii ki, məktəbdə, küçədə özünü qoruya bilməyəcək və zorakılıq halları ilə üzləşəcək. Şiddət onun üçün adi hala çevrilib. Şəxsiyyəti formalaşmayıb. Şiddət nə qədər ona xoş olmasa da, o qədər sıradan bir hərəkətə çevrilib ki, ailə üzvlərindən elə şiddət görüb ki, kənar insanlardan gördüyü şiddət onun üçün nədir ki? Adi bir şey. Valideynlər övladlarının başqaları tərəfindən alçaldılmasını, zorakılığa məruz qalmasını, olmayan özgüvənlərinin daha da qırılmasını istəmirlərsə, birinci övladlarına özləri hörmət etsinlər. Bir valideyn övladına hörmət etmirsə, məktəbin ayaqyolundakı da ona hörmət etməyəcək. Çünki uşaq özünə hörmət etməyi öyrənməyib. Valideyn ona şiddətdən başqa nə öyrədib ki? İlk növbədə uşağa özünə hörmət etməyi aşılamaq lazımdır. Neçə ailədə buna riayət olunur?

 

Övladına şidddət göstərən valideyndən bu davranışının səbəbini soruşsaq, deyəcək ki, əsəbiyəm, nevrozam. Niyə? Uşaqlıq həyatına baxsaq, görəcəyik ki, atası və anası tərəfindən şiddətə məruz qalıb”.

 

Mütəxəssisin dediyinə görə, uşaqlar kənar şəxslər tərəfindən zorakılığa məruz qalanda evdə gəlib valideyninə deməyə qorxurlar: “Çünki valideynin ona lazım olan dəstəyi verməyəcəyini düşünür. Valideyn ya onun üstünə qışqıracaq, ya vuracaq. Bundan o tərəfə bir şey etməyəcək. Bu qorxuları yaşadığı üçün uşaqlar zorakılıqla üzləşdikdə valideynlərinə danışmır. Valideynin sosial, maddi, şəxsi problemi ola bilər, amma bu problemlərinə uşağı qatmamalı, hirsini onun üzərində “partlatmamalıdır””.

 

Psixoloq bildirib ki, valideynlər tərbiyə ilə bağlı iradları etiraf etmək istəmirlər: “Çox az valideyn səhvlərini etiraf edir. Etiraf etmək özü də böyük bir addımdır. Valideynlər deyir ki, mənim qədər övladımı sevə bilməzsən. Uşağı döyürəm də, söyürəm də, sevirəm də. Belə səthi fikirlər məntiqə əsaslanmır. Valideyn belə davranmaqla uşağın mənəviyyatına toxunur. Sonra bayırdakılar onun mənəviyyatına toxunurlar. Tövsiyyəm budur ki, valideynlər övladlarıyla çoxlu söhbət edib onlara başa salsınlar ki, məktəbdə ayaqyoluna gedərkən diqqətli olsun, üç-dörd uşaq, özündən böyük oğlanlar bir yerdə olan yerə girməsin, geyimini başqasının yanında düzəltməsin, valideyni yanında olmadan heç kimin maşınına minməsin, tanımadığı insanlarla heç yerə getməsin. Valideynlər uşağa mütləq belə şeyləri başa salmalıdır, yoxsa bayırdakı zorakılıq artacaq. Çünki uşaq maariflənməyib, uşaq bilmir ki, hansı vəziyyətdə necə hərəkət etməlidir. 30-40 yaşında insanlar bəzən hansı vəziyyətdə necə hərəkət etdəcəyini bilmir. O ki, qaldı uşaq”.


Qeyd edək ki, uşaqlıq çağında zorakılığa məruz qalmaq sağlamlığa və rifaha ömürlük öz təsirini göstərir.

 

Aynurə Məmmədova


Ekspress.az