Bakıda banklar bu əsginasdan pul “qırxır”


10.07.2019 12:37
135
Bakıda banklar bu əsginasdan pul “qırxır”

Tədavüldə istifadəsi davam edən 500 avroluq əsginas üçün bankların əlavə ödəniş müəyyənləşdirilməsi bir daha göstərir ki, banklarımızın əksərini necə olur-olsun, gəlir əldə etmək maraqlandırır.


Ekspress.az xəbər verir ki, bu sözləri iqtisadçı alim Vüqar Bayramov son günlər bankların 500 avroluq əsginası götürməkdən imtina etməsini şərh edərkən deyib.

İqtisadçı alim bildirib ki, bu məntiqlə 500 avroluq əsginaslardan ibarət olan 50 min avronu hesabında yerləşdirmək istəyən vətəndaş həmin 500 avrodan birini banka “hədiyyə” etmək məcburiyyətindədir:


“Azərbaycan banklarlarının əksəriyyəti 500 avroluq pul nişanının qəbuluna 1 faizlik komisyon haqqı müəyyənləşdiriblər. Bu o deməkdir ki, vətəndaş 500 nominallı avro əsginası ilə əməliyyat aparırsa, o zaman əlavə olaraq 1 faiz ödəməlidir. Halbuki bir müddət öncə Azərbaycan Mərkəzi Bankı 500 nominallıq avro əsginaslarının ölkədaxili istifadəsi ilə bağlı heç bir problemin olmadığını bəyan etmişdi. Bankların heç bir iqtisadi əsas olmadan bu tip komisyon haqları müəyyənləşdirməsi sadəcə müştəri üçün əlavə xərc yaratmağa hesablanır. Bank xərclərinin azaldılmasının müzakirə edilməsinə baxmayaraq, hələ də əksər banklarımız xərc artırmağı hədəfləyiblər. Əslində belə xərclər müəyyənləşdirilən zaman həm Mərkəzi Bankın, həm də Maliyyə Bazarlarına Nəzarət Palatasının məsələyə mövcud qanunvericilik çərçivəsində müdaxiləsi çox vacibdir”.


Ekspert bildirib ki, Avropa Mərkəzi Bankının və hətta Azərbaycan Mərkəzi Bankının açıqlamalarına baxmayaraq, əksər banklarımız müştərilərin xərci hesabına 500 avroluq əsginas üçün əlavə ödənişlər götürməyə davam edirlər:


“Avropa Mərkəzi Bankı 4 may 2016-cı il tarixdə 500 avro nominallı əsginasın istehsalının dayandırılması və 2018-ci ilin sonlarından isə bu nominalın təkrar tədavülə buraxılmaması ilə bağlı qərar qəbul edib. Bununla yanaşı, Avropa Mərkəzi Bankı tərəfindən 500 avroluq pul nişanının bütün kommersiya strukturularının (o cümlədən banklar, ixtisaslaşmış nağd pul təşkilatları, valyuta mübadiləsi büroları və s.) mədaxil və məxaric əməliyyatlarında qalmasına icazə verilib, bütün digər nominallı avro əsginaslar kimi onun da daima öz nominal dəyərini saxlayacağı və müddətsiz olaraq avrosistemə daxil olan mərkəzi banklar tərəfindən dəyişdiriləcəyi qeyd olunub. Avropa Mərkəzi Bankının və hətta Azərbaycan Mərkəzi Bankının açıqlamalarına baxmayaraq, əksər banklarımız müştərilərin xərci hesablna yeni gəlir mənbələri axtarışını davam etdirirlər”.


Qeyd edək ki, bu problem xeyli müddətdir yaşanır və ciddi narazılıqlara səbəb olur (axar.az).


Ekspress.az

Açar sözlər: