Bu il məcburi köçkünlər üçün 5 min mənzil inşa ediləcək

12.01.2019 15:23
149
Bu il məcburi köçkünlər üçün 5 min mənzil inşa ediləcək

Bu il məcburi köçkünlərə, Qarabağ müharibəsi əlillərinə, şəhid ailələrinə mənzillərin verilməsi davam etdiriləcək. Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında çıxışı zamanı qeyd edib ki, 2019-cu ildə sosial infrastrukturla bağlı işlər görüləcək. Cənab Prezident söyləyib ki, keçən il 5800 məcburi köçkün ailəsinə yeni mənzillər verilib: "Onu da qeyd etməliyəm ki, bu mənzillərdən 1000-i “Qobu Park” yaşayış kompleksində özəl şirkət tərəfindən inşa edilmiş və köçkünlərə təmənnasız verilmişdir. Bu, çox müsbət təşəbbüsdür, mən bunu çox alqışlayıram. Bizim böyük biznes qurumlarımız sosial sahələrdə də fəal olmalıdırlar. Elə birinci təcrübə çox təqdirəlayiqdir. Bildiyimə görə, bu proses bu il də davam etdiriləcək. İlkin hesablamalara görə, bu il təqribən 5000 köçkün ailəsi üçün yeni mənzillər tikilib istifadəyə veriləcək. Hələlik biz bu rəqəm üzərində dayanırıq, amma il ərzində baxarıq, əgər imkan olarsa, bunu daha da artıra bilərik. Nə qədər çox etsək, bir o qədər də yaxşıdır. Ancaq hamımız bilməliyik ki, bu, böyük vəsait tələb edən layihələrdir və biz bu məsələləri imkan daxilində həll edirik. Bu günə qədər 300 min məcburi köçkün yeni evlərlə təmin edilibdir".


Prezident İlham Əliyev qeyd edib ki, şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə evlərin verilməsi prosesi davam etdiriləcək: "Əgər keçən il 626 mənzil verilibsə, bu il ən azı 800 mənzil veriləcək. Hesab edirəm ki, bu, çox düzgün addımdır. Çünki bu ailələr buna layiqdirlər. Biz həmişə onların problemlərini diqqət mərkəzində saxlayırıq. Altı mindən çox ailə artıq dövlət tərəfindən evlərlə təmin edilib. Mən bilmirəm və eşitməmişəm ki, hansısa başqa ölkədə belə təcrübə var. Ancaq bizim üçün əsas o deyil, əsas odur və biz hesab edirik ki, bu, düzgündür. Bu vətəndaşlara mənzil hədiyyə etmək hesab edirəm ki, bizim borcumuzdur. Biz bunu edirik və edəcəyik. Bu proses davam edəcək. Bütün şəhid ailələrinin nümayəndələri evlərlə təmin olunacaqlar".

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND