• 21 °C Bakı
  • 18 °C Quba
  • 27 °C Gəncə
  • 25 °C Yevlax
  • 27 °C Naxçıvan

Putinin "4-cü respublikası": Reallıq, yoxsa mif?

11.02.2019 21:39
387
Putinin "4-cü respublikası": Reallıq, yoxsa mif?

Rusiya prezidentinin köməkçisi Vladislav Surkovun “Nezavisimaya qazeta”da təxminən adı dilimizə bu şəkildə tərcümə olunan “Putinin gələcək üçün qurduğu əbədi sistem” geniş həcmli yazısı yayınlanıb. Yazıda xeyli pafos var. Ancaq hiss olunur ki, bu yazını Putin özü də oxuduqdan sonra dərcinə icazə verib. Demək Surkovun yazısı həm də Putinin Rusiya cəmiyyətinə və beynəlxalq aləmə göndərdiyi mesajlardır.


Surkov yazır ki, Putinin qurduğu dövlət əbəbidir və gələcəkdə bu dövlət Putinin formalaşdırdığı irsi davam etdirəcək:


Surkov nümunə kimi Fransada Şarl de Qolun adı ilə bağlı olan “5-ci respublikaya” istinad edir. Surkovun Türkiyə misalı da maraqlıdır. Rusiya prezidentinin köməkçisi yazır ki, Türkiyənin hazırki iqtidarı anti-kamalist olsa da (Putin türkiyəli həmkarı Rəcəb Təyyub Ərdoğanla dost olsa da, Türkiyə Cumhurbaşqanının Atatürk əleydarı olduğunu düşünür, bir dəfə Kremlı sahibi belə də demişdi: “Atatürk indiki quruluşu görsə idi, qəbrində çevrilərdi”), bu dövlətdə Atatürkün siyasi ənənəsi davam edir. Surkov Rusiyanın 4 quruluşdan keçdiyinu bu şəkildə sıralayır: “XV–XVII əsrlərin Böyük Moskva knyazlığı, Böyük Pyotrun Rusiya imperiyası, Leninin qurduğu SSRİ və Putinin Rusiyası”. Başqa sözlə Surkov Putinin rolunu o dərəcədə şişirdir və əhəmiyyətli hesab edir ki, Rusiyanın gələcəyinin elə Putin irsində də dayanacağına inanır.


İkincisi, Surkov yazısında yenidən Türkiyəyə istinad edir və elə türk dilində də bizə məlum olan fikri qeyd edir: “dərin dövlət”. Surkovun fikrincə, dərin dövlət hazırda Qərb dövlətlərində var, ancaq Rusiyada yoxdur. Yəni Rusiyada kimsə Putinə içəridən nəsə diqtə edə bilməz. “Putin ideologiyası gələcəyə hədəflənib” yazan Surkov Rusiyada hakim zümrədə deyil xalq içərisində dərin dövlətçilik olduğunu iddia edir. Surkov qeyd edir ki, Putin sistemində guya xalqı dinləmək və anlamaq bacarığı var. Yəni Surkov bir növü demək istəyir ki, Qərb sistemlərindən fərqli olaraq Putin sistemi məhz xalq hakimiyyətidir. Surkovun dediyi kimi olsaydı, rus xalqı bu qədər səfalət və kasıbçılıq içərisində olmazdı. Surkovun yaşadığı Moskvadan fərqli olaraq Rusiyanın başqa böyük ərazilərində yaşayış aşağı səviyyədədir.


Üçüncüsü, Surkov Qərb demokratiyasının yalançı olduğunu, əslində bunun görüntü xarakter daşığıdı vurğulayır. Bəli, Rusiya sistemi orijinal olmaya bilər, ancaq ədalətlidir”. Bu sözlərlə Surkov faktiki Rusiyada anti-demokratik idarəetməyə sanki haqq qazandırır. Təsadüfi deyil ki, həmin Surkov bir neçə il əvvəl Rusiya üçün “suveren demokratiya” prinsipini irəli sürmüşdü. Yəni Rusiya demokratiyası ənənəvi Qərb demokratiyasına bənzəmir.


Dördüncüsü, Surkovun Qərbin Rusiyadan niyə qorxduğunu bu şəkildə izah edir. Qərbdə Rusiyanın müxtəlif ölkələrdə seçkilərə müdaxiləsindən yazırlar. Həqiqət isə fərqlidir. Rusiya onların beyinlərinə müdaxilə edir və onlar bilmirlər bununla nə etsinlər”. Surkov yazısını belə bitirir: “Bizim yeni dövlətimiz yeni əsrdə uzun və şərəfli tarix yazacaq.


Surkov bu yazısında Rusiyada gələcəkdə də Putin sisteminin alternativi olmadığını sübut etməyə çalışır. Surkov proqnozları düz çıxan analitik deyil ki, onun dedikləri ehkam kimi qəbul edilsin. Rus xalqı normal yaşamaq istəyir. Əlbəttə, Boris Yeltsinin prezident olduğu dövrdən fərqli olaraq Putin dövrü daha sakit və nisbətən rəvandır. O da həqiqətdir ki, Putin vaxtilə Çeçenistanı ram edərək ölkəsində separatimz meyllərinin qarşısını aldı. Ancaq Putin sistemi daha sonra Gürcüstana müdaxilə etdi, Krımı ilhaq etdi, ABŞ-la və Avropa ilə münasibətləri gərginləşdirdi, üstəgəl də iqtisadiyyatın neft və qazın satışından asılılığı davam edir, şaxələndirmə zəifdir. Putin sistemi Rusiyaya xeyli düşmən və rəqib qazandırdı. Yeltsinin dövründə Rusiyanın bu qədər rəqibi və düşməni yox idi. Putin təkdir, qarşısındakı güclər isə daha böyük və çevikdirlər. Ona görə də Surkovun Putin sisteminin gələcəyə nikbin baxışı analitik təhlinin məhsulu deyil, sırf ideoloji baxışdır. Bu yazını həm belə oxumaq olar: "Putinin gedişinə hazırlaşın, ancaq irsi daima yaşayacaq".

Açar sözlər: