IDEA ilə Ümumdünya Turizm Təşkilatı arasında Anlaşma Memorandumu imzalanıb


18.06.2019 01:34
115
IDEA ilə Ümumdünya Turizm Təşkilatı arasında Anlaşma Memorandumu imzalanıb

İyunun 17-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın BMT-nin Ümumdünya Turizm Təşkilatının (ÜTT) baş katibi Zurab Pololikaşvili ilə görüşü olub.


Ekspress.az xəbər verir ki, görüşdə IDEA və ÜTT arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Anlaşma Memorandumu tərəflər arasında gələcək fəaliyyət çərçivəsini və əməkdaşlıq sahələrini müəyyənləşdirir. Sənədə əsasən, hər iki təşkilat turizmin ekoloji dayanıqlığa təsir edən amillərdən biri kimi təşviq edilməsi istiqamətində birgə səylər göstərəcək.


İmzalanma mərasimindən sonra Leyla Əliyeva ilə Zurab Pololikaşvili arasında ikitərəfli görüş keçirilib. Görüşdə Leyla Əliyeva ÜTT tərəfindən dünyada turizmin inkişafının əlaqələndirilməsi istiqamətində aparılan fəaliyyəti yüksək qiymətləndirərək, turizm sektorunun inkişafının planetin dayanıqlı gələcəyi üçün əhəmiyyətini vurğulayıb. Leyla Əliyeva zəngin mədəni irsi və müasir infrastrukturu ilə yanaşı, Azərbaycanda bol təbii sərvətlər və rəngarəng coğrafi landşaftın mövcud olmasını qeyd edərək, həyata keçiriləcək birgə layihələrin ölkədə ekoturizmin inkişafına böyük töhfə verəcəyindən əminliyini vurğulayıb (report).


Zurab Pololikaşvili rəhbərlik etdiyi təşkilat ilə IDEA arasında əməkdaşlığın qurulmasından məmnunluğunu bildirərək, Azərbaycanın cəlbedici turizm məkanı kimi potensialının inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu qeyd edib.


Tərəflər Azərbaycanda və regionda birgə layihələrin həyata keçirilməsi və beynəlxalq tədbirlərin təşkili perspektivlərini müzakirə ediblər.


Ekspress.az