SOCAR dövlət büdcəsinə borclarını ləğv edib

26.10.2018 16:28
244
SOCAR dövlət büdcəsinə borclarını ləğv edib


Nazirlər Kabineti sentyabrın 13-də imzaladığı Sərəncamla SOCAR-ın dövlət büdcəsinə 675,4 milyon manat məbləğində borclarını ləğv edib.

Bu borcların hansı səbəbdən silindiyini AZƏRTAC-a şərh edən SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib ki, həmin sərəncamda borcun silinməsindən deyil, nizamnamə kapitalının artırılmasına görə borcun bağlanmasından bəhs olunur: “Belə ki, dövlət ümumiyyətlə SOCAR-ın nizamnamə kapitalını artırmaq məqsədilə şirkətə kapital qoyuluşlarını həyata keçirir. Digər tərəfdən isə SOCAR-ın da dövlət qarşısında maliyyə öhdəlikləri var. Yəni, dövlət SOCAR-a kapital köçürməli, SOCAR da öz növbəsində dövlətə vəsait köçürməli olur. Dövlətdən şirkətə və əks istiqamətə uzunmüddətli köçürmə proseslərinə və zamana qənaət etmək üçün şirkətin öhdəlikləri dövlətin şirkətə köçürməli olduğu kapital qoyuluşu hesabına bağlanıb. Sadə dildə desək, dövlət şirkətə köçürməli olduğu vəsaitin müvafiq hissəsini özündə saxlayaraq, SOCAR-ın dövlətə olan borcunu bağlayıb”.


Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq Sərəncamlarına uyğun olaraq, gələcəkdə (əsasən növbəti 10 ildə) SOCAR-ın nizamnamə kapitalının artırılması yolu ilə geri qaytarılması nəzərdə tutulmaqla, 2014-2018-ci illərdə müxtəlif Dövlət Proqramlarının icrasına (qazlaşdırma, Heydər Əliyev adına neft emalı zavodunun və “Azərikimya” İstehsalat Birliyinin rekonstruksiyası və modernləşdirilməsi) Mərkəzi Bank və “Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən SOCAR-a dövlət zəmanətli borc vəsaitləri ayırıb.

“Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 dekabr tarixli Fərmanı ilə dövlət mülkiyyətində olan səhmdar cəmiyyətlərinin və müəssisələrin dövlət zəmanəti ilə Mərkəzi Bankdan cəlb etdikləri kreditlərin dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı, dövlət zəmanəti ilə alınan borcların Təminat Fondunun vəsaiti, çatışmayan hissəsinin isə “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Mərkəzi Bankın 2015-ci ilin nəticələrinə görə reallaşdırılmış mənfəətinin dövlət büdcəsinə köçürülməli olan sərbəst qalığı hesabına bağlanmasının təmin edilməsi və qeyd olunan kreditlər üzrə tələb hüquqlarının Maliyyə Nazirliyinə ötürülməsi nəzərdə tutulub.


Qeyd olunan Fərmanın icrası olaraq, Nazirlər Kabinetinin 2017-ci il 10 yanvar tarixli Sərəncamına əsasən, 547 milyon 451 min 26 manat məbləğində borc öhdəlikləri dövlət büdcəsinin vəsaiti hesabına bağlanıb, bununla da Mərkəzi Bankın və Beynəlxalq Bankın SOCAR-a olan tələb hüquqları Maliyyə Nazirliyinin üzərinə keçib və Maliyyə Nazirliyi ilə SOCAR arasında müvafiq borc müqavilələri imzalanıb.

Eyni zamanda, SOCAR-ın “Qazlaşdırma layihəsi 2” üzrə 98 milyon manat məbləğində vəsaitin SOCAR tərəfindən sonradan istifadə olunmasını və bu vəsaitin dövlət zəmanəti ilə təmin olunduğunu nəzərə alaraq, Maliyyə Nazirliyi ilə SOCAR arasında müvafiq borc müqaviləsi imzalanıb.


Ümumilikdə, Maliyyə Nazirliyi ilə SOCAR arasında imzalanmış 645 milyon 451 min 26 manat məbləğində borc müqavilələri Nazirlər Kabinetinin 2018-ci il 13 sentyabr tarixli Sərəncamı ilə SOCAR-ın nizamnamə kapitalının dövlət büdcəsi tərəfindən artırılması yolu ilə bağlanıb.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND