Həyat yoldaşı: Öz böyrəyimi verirəm, əməliyyata pul lazımdır - FOTO

30.05.2019 21:21
35
Həyat yoldaşı: Öz böyrəyimi verirəm, əməliyyata pul lazımdır - FOTO

Mübariz Mənsimovun zavodunun keçmiş işçisi yoldaşını xilas etmək üçün kömək istəyir: "Böyrəyimi verməyə hazıram, amma əməliyyata pulumuz yoxdur”

 

3 uşaq anası, 44 yaşlı Xatirə Əhədovanın anadangəlmə sol böyrəyi olmayıb. Tək sağ böyrəyi ilə yaşayan gənc qadının 2010-cu ildə bu böyrəyi də sıradan çıxıb və o, dializ xəstəsinə çevrilib.


Ekspress.az xəbər verir ki, bu illər ərzində qadın bir neçə dəfə invaziv əməliyyatlar keçirib, qolundan fistul qoyulub. Lakin bu fistul effekt verməyərək, təzyiqi daha da aşağı saldığından onu dəyişiblər.


Bir neçə dəfə kateter taxılsa da, qısa müddət də onlar da sıradan çıxıb. Artıq qollarında damar imkan vermədiyi üçün sağ bud nahiyəsindən kateter qoyulub. Bu kateter də bir neçə ay öncə tam dayandığından, 3 həftə öncə pasiyentin çiynindən kateter qoymalı olublar. Başıbəlalı qadın indi Sabunçu xəstəxanasında bu kateter vasitəsilə dializ alır, lakin o da sağtərəfli şişkinlik verib.


Həyat yoldaşı Asif Əhədov bildirir ki, hazırda qadını yalnız dializ üçün gedəndə qolundan tutub qaldırırlar. Qalan vaxtı yataqda qalır, sərbəst bir addım da ata bilmir. 


Qeyd edək ki, hazırda Binə qəsəbəsində yaşayan ailə əvvəllər Lənkəranda yaşayıb, xəstə orda dializ alıb, onun həyat yoldaşı Asif Əhədov isə Lənkəranda Mübariz Mənsimovun məşhur Palsüd zavodunda çalışıb. Lakin sonradan o ixtisara düşərək işdən çıxarılıb (medicina).  


Bir neçə il öncə ailənin böyük qızının gənc həyat yoldaşı faciəvi şəkildə həyatını itirdiyindən, ailə başçısı şəhərə köçərək, burda həm öz ailəsinə, həm qızının ailəsinə baxmalı olur. Arif Əhədov deyir ki, hazırda heç yerdə işləmədiyindən vəziyyətləri yaxşı deyil. Bu illər ərzində bütün vəsaitləri xanımının əməliyyatlarına, dializ və müalicəsinə xərclənib. İndi isə sağlamlığını - böyrəyini də həyat yoldaşına vermək istəyir.


Çünki həkimlər Xatirə Əhədovanın böyrəyin kritik vəziyyətdə olduğunu, hər an tam fəaliyyətdən qala biləcəyini proqnozunu verdiyindən xəstəyə təcili böyrək transplantasiyası əməliyyatı təyin edilib. 


Ailə bir neçə həkimin qəbulunda olub, Səhiyyə Nazirliyinə müraciət edib, H. Əliyev Fonduna məktublar yazıb. Bu instansiyalardan bildiriblər ki, məktublar müvafiq yerlərə yönləndirilib, xəstə böyrək köçürülməsi üçün qeydiyyata alınıb, növbədədir. Növbəsi çatanda xəbər ediləcək. Növbə isə 2-3 ilə çatacaq: 


"Bizim isə gözləməyə vaxtımız yoxdur. Yoldaşım normal dializi qəbul edə bilmir, böyrək reaksiya vermir. Mən öz böyrəyimi yoldaşıma verəcəyəm. Hər bir yoxlamadan keçmişik. Bu əməliyyatı edən həkimlərlə görüşmüşük. Onlar da deyir ki, əməliyyatın ən münasib qiyməti 15-17 min manatdır. Bizim isə nə satmağa nə malımız-mülkümüz var, nə də imkanımız. Böyrək var, amma əməliyyat pulu yoxdur. 


Həyat yoldaşım hələ gəncdir, onun gözümüz baxa-baxa ölməyini istəmirik. Axı onu xilas etməyə orqan var. 


Xahiş edirəm, xalqımızın imkanı olan şəxslərindən, bir ananı xilas etmək üçün bizə kömək etsinlər”.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND