Güzəştli mənzil tikintisi üçün 22 milyon manat özəl sərmayə cəlb ediləcək

24.05.2019 16:18
65
Güzəştli mənzil tikintisi üçün 22 milyon manat özəl sərmayə cəlb ediləcək

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi” ilə müəyyən edilən tədbirlər planına uyğun olaraq, Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) dövlət-özəl tərəfdaşlığı layihələrini davam etdirir.


MİDA-nın İctimaiyyətlə əlaqələr sektorundan bildirilib ki, dövlət tərəfindən maliyyələşmənin minimuma endirilməsi və özəl tikinti-investisiya şirkətlərinin əməkdaşlığa cəlb edilməsi məqsədilə keçirilmiş investisiya müsabiqəsinin qalibi “AS Tikinti” MMC (www.asgroup.az) Bakının Yasamal rayonu, xarici dairəvi avtomobil yolunun kənarında 15,4 hektar ərazidə 6 ədəd çoxmənzilli yaşayış binasının tikintisi üçün investisiya qoyuluşunu reallaşdıracaq. Bu binaların tikintisi üçün investisiyanın ümumi həcminin 20 milyon manatadək təşkil edəcəyi nəzərdə tutulur.


Müsabiqənin qalibi olan investor “MİDA” MMC-nin sifarişi ilə hazırlanan və müvafiq qaydada dövlət ekspertizasından keçirilmiş layihə-smeta sənədlərinə uyğun olaraq tikintini aparmaq, tikinti işlərinin gedişi zamanı kompleksin ərazisində olan mühəndis-kommunikasiya sistemindən və müvafiq infrastrukturdan yararlanmaq imkanını əldə edir. Müsabiqə şərtlərinə əsasən, investor tərəfindən inşa olunacaq 6 binada (2-si 12 mərtəbəli, 4-ü 9 mərtəbəli) yerləşən mənzillərdən 100-ü (6-sı 1 otaqlı, 36-sı 2 otaqlı, 58-i isə 3 otaqlı) Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamına veriləcək və “Güzəştli mənzil” elektron sistemi vasitəsilə satışa çıxarılaraq güzəştlə mənzil əldə etmək hüququ olan şəxslərə təklif olunacaq. Qalan mənzillər investor tərəfindən onları bazar qiymətləri ilə almaqda maraqlı olan şəxslərə satılacaq.


“AS Tikinti” MMC Yasamal rayonunun xarici dairəvi avtomobil yolunun kənarında 15,4 hektar ərazidə çoxmənzilli yaşayış binalarının tikintisi üçün investisiya qoyuluşunu həyata keçirəcək ikinci investordur. Bundan öncə “Kristal Abşeron MTK” (www.kristalabsheron.az) 12 çoxmənzilli yaşayış binasının tikintisi üçün keçirilən investisiya müsabiqəsinin qalibi olub.


Yasamal rayonu ərazisində, xarici dairəvi avtomobil yolunun kənarında 15,4 hektar torpaq sahəsində inşa olunan yaşayış kompleksinin, həmçinin Hövsan Yaşayış Kompleksinin ərazisində telefon, televiziya və internet xətlərinin çəkilməsi və sakinlərə müvafiq xidmətlərin göstərilməsi üzrə keçirilmiş investisiya müsabiqəsinin qalibi isə “ENGINET” MMC (www.enginet.az) olub. Bu şirkət tərəfindən yaşayış massivlərinin ərazisində müvafiq kommunikasiya infrastrukturunun yaradılmasına 1,5 milyon manatdan çox investisiya cəlb ediləcək.


Həmçinin diqqətə çatdırılıb ki, dövlət-özəl tərəfdaşlığı layihələrinin reallaşdırılması nəticəsində MİDA tərəfindən artıq 5 özəl investor cəlb olunub.


Strateji Yol Xəritəsinə əsasən, MİDA tərəfindən həyata keçirilən dövlət-özəl tərəfdaşlığı layihələri ölkədə uyğun qiymətə mənzil bazarının fəaliyyətinə əlverişli şərait yaradır, eyni zamanda, investisiya mühitinin möhkəmləndirilməsinə və sahibkarlığın inkişafına hədəflənən dövlət siyasətinin həyata keçirilməsinə töhfə verir.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND