Bakıda DƏHŞƏT - 30 manata görə market sahibi öldürüldü

15.07.2019 16:51
168
Bakıda DƏHŞƏT - 30 manata görə market sahibi öldürüldü

Sabunçu rayonunda market sahibini öldürməkdə təqsirli bilinərək məhkum olunan Əlizadə Əmrah Xanlar oğlu Ali Məhkəməyə müraciət edib.


Ekspress.az xəbər verir ki, onun müraciəti ilə bağlı məhkəmə baxış iclası hakim Əli Seyfəliyevin sədrliyi ilə sentyabr ayının 4-də keçiriləcək.


Qeyd edək ki, hadisə ötən il yanvarın 7-də Bilgəh qəsəbəsində baş verib.


İstintaqla müəyyən edilib ki, Əmrah Əlizadə müxtəlif ərzaq məhsulları aldığına görə Hacıbaba Məmmədova olan 30 manat borcundan 12 manatını qaytarmaq üçün yanvarın 7-si, saat 23:00 radələrində Bilgəh qəsəbəsi, Azərbaycan Qadını küçəsində yerləşən mağazasına gəlib. Lakin həmin məbləği ödəməsi dükan sahibini qane etməyib və o, Əmrahı təhqir edib.


Buna görə Əmrah cibindən qatlanan bıçağı çıxarıb Hacıbabaya ilk zərbəni vurub, sonuncu kəsici aləti əlindən vurub yerə saldıqdan sonra özü mağazasında olan təsərrüfat təyinatlı bıçaqla onun əynində olan gödəkcənin üst qatını zədələyən dörd ədəd kəsik yetirib.


Qarşılıqlı münaqişə zamanı Əmrah mağazada yerdə olan daha bir bıçağı götürərək onunla Məmmədovun sifətinə və baş nahiyyəsinə zərbələr endirib. Yalnız bundan sonra əlbəyaxa davaları dayanıb.


Əlizadə bıçağı yerə ataraq, mağazanı tərk edib, zərərçəkmiş isə dizi üstə çökərək mağazanın giriş qapısından tutub, hadisə yerinə oğlu və arvadı gələnə kimi bu vəziyyətdə qalıb.


Ağır vəziyyətdə xəstəxanaya çatdırılan Hacıbaba Məmmədov orada dünyasını dəyişib.


Cinayəti törətməkdə şübhəli bilinən Əmrah Əlizadə isə 14-cü polis bölməsinə gələrək təslim olub.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əmrah Əlizadə 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti, məhkumun müdafiəçisi və zərərçəkmiş şəxsin hüquqi varisi apellyasiya şikayətləri veriblər.


Bakı Apellyasiya Məhkəməsi işin materiallarını araşdıraraq, protesti və şikayətləri təmin etməyib. Qərara əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb (olke.az).


Ekspress.az

Açar sözlər: