"Azərenerji” ASC-nin generasiya gücləri optimallaşdırılacaq

19.10.2018 12:15
118
"Azərenerji” ASC-nin generasiya gücləri optimallaşdırılacaq


Azərbaycan Energetika Nazirliyi tərəfindən beynəlxalq şirkət cəlb edilməklə cari ilin aprel-iyul aylarında elektrik stansiyalarında diaqnostika aparılıb və araşdırmalar əsasında "Azərenerji” ASC-nin generasiya güclərinin optimallaşdırılması və bərpası Proqramı” hazırlanıb.


Ekspress.az xəbər verir ki, Energetika naziri Pərviz Şahbazov "Azərbaycan" qəzetində dərc edilən məqaləsində bu barədə məlumat verib. Nazir məqalədə qeyd edir ki, bütün modul tipli elektrik stansiyalarını, eləcə də "Cənub”, "Şimal” və "Sumqayıt” istilik elektrik stansiyalarını əhatə edən proqram üç il müddətində həyata keçirilməlidir. Eyni zamanda, stansiyaların fəaliyyətində istifadə olunan avadanlıqların istehsalçıları ilə bağlanacaq servis müqavilələri hesabına elektrik enerjisinin istehsalı üzrə yanacaq sərfinin optimallaşdırılması nəzərdə tutulur.


Bundan başqa, nazir vurğulayıb ki, hazırda elektroenergetika sisteminin təhlükəsiz, dayanıqlı, etibarlı və səmərəli fəaliyyətinin təmin edilməsi üçün Energetika Nazirliyi və "Azərenerji” ASC ilə Almaniyanın VPC şirkəti arasında "Azərbaycan” İES-in texniki auditi, onun reabilitasiyasına dair Baş Planın, eləcə də "Azərenerji” ASC-nin ötürmə sisteminin optimallaşdırılmasına dair proqramın hazırlanması üzrə müqavilə imzalanaraq onların icrasına başlanıb. Energetika Nazirliyi "Azərenerji” ASC ilə birlikdə xarici ekspertləri cəlb etməklə "2018-ci ildə baş vermiş qəza hallarının təhlili və Azərbaycan Respublikasının enerji sisteminin elektrik şəbəkəsinin gücləndirilməsinə dair tövsiyələrin hazırlanması” layihəsi üzrə işləri davam etdirir.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND