SOCAR üçüncü rübdə neft və qaz hasilatını artırıb

16.10.2018 18:21
208
SOCAR üçüncü rübdə neft və qaz hasilatını artırıb


SOCAR 2018-ci ilin üçüncü rübündə qazma işlərin həcmini artırmaqla, neft hasilatını sabitləşdirməyə, təbii qaz hasilatını isə önəmli dərəcədə artırmağa nail olub. Şirkətdən verilən məlumata əsasən, rüb ərzində SOCAR üzrə hasilat 1,9 milyon ton neft və 1,67 milyard kubmetr qaz təşkil edib. Əvvəlki ilin analoji göstəriciləri ilə müqayisədə, neft hasilatı 1,5% və qaz hasilatı 11% artıb.


Ümumiyyətlə, 2018-ci ilin doqquz ayında respublika üzrə 29 milyon ton neft və 22 milyard kubmetr təbii qaz hasil olunub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkə üzrə neft hasilatında təqribən 0,8%, qaz hasilatında isə 4,5% artıma nail olunduğunu göstərir. 


Rüb ərzində SOCAR tərəfindən 42 min metrdən artıq qazma işi həyata keçirilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrün göstəricisi ilə müqayisədə 43% çoxdur. SOCAR üzrə hasilatın sabitləşməsi üçün qazma həcminin artırılması ilə yanaşı köhnə quyular da bərpa olunur, daha əvvəl istismardan çıxarılmış quyularda əsaslı təmir, geoloji-texniki tədbirlər aparılmaqla həmin quyularda hasilat bərpa olunur. 


Bu ilin 9 ayı ərzində Azərbaycana 1,59 milyard m3 qaz idxal olunub və 6,48 milyard m3 qaz ölkədən ixrac edilib. Ölkəyə idxal olunan və ölkədən ixrac edilən qaz həcmləri üzrə ötən ilin müvafiq dövrü ilə müqayisədə, müvafiq olaraq, 22,6% və 5,8% artım qeydə alınmışdır. Cari ilin ilk 9 ayı ərzində SOCAR 871,8 milyon m3 qaz ixrac etmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,5% çoxdur.


SOCAR Azərbaycanda öz imkanları ilə hasil etdiyi bütün təbii qaz həcmini Azərbaycan bazarına yönləndirir. Üçüncü tərəflərdən alınan qaz həcmləri isə əsasən ixrac üçün istifadə olunur və Azərbaycana əlavə gəlir qazandırır. Hazırda SOCAR-ın Azərbaycandakı qaz anbarlarında qış ayları üçün 3 milyard kubmetrdən çox qaz tədarük edilmişdir. 


SOCAR üzrə üçüncü rübdə xam neftin ixracı 6 milyon ton təşkil etmişdir. Beləliklə SOCAR-ın xam neft ixracı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,3% artmışdır. Rüb ərzində SOCAR üzrə Azərbaycandan 465,8 min ton neft emalı və neft-kimya məhsulu ixrac edilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 43% çoxdur.


Ekspress.az

Açar sözlər: