Avropa çempionatında güləşçilərimiz 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb

09.04.2019 21:33
113
Avropa çempionatında güləşçilərimiz 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb

Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatı start götürüb. İlk yarış günündə 57, 65, 70, 79 və 97 kq-da çıxış edən sərbəst güləşçilər mübarizə aparıb. Mahir Əmiraslanov startda Moldova təmsilçisinə qalib gəlsə də, 1/4 finalda Türkiyə güləşçisinə uduzub. Ancaq rəqib finala yüksəldiyindən həmyerlimiz aprelin 9-da təsəlliverici görüşə çıxıb və Fransa təmsilçisinə qalib gələrək bürünc medal qarşılaşmasına vəsiqə qazanıb. Son görüşdə də bolqar rəqibindən daha yaxşı çıxış edən Mahir ilk dəfə böyüklər arasında Avropa çempionatının medalçısı olub.


Üçqat dünya və ikiqat Avropa çempionu Hacı Əliyev startda Belarus, daha sonra Ermənistan idmançısına qalib gəlib. 1/4 finalda Rusiya güləşçisinə də gücünü göstərən Hacı adını yarımfinala yazdırıb. Bu mərhələdə Moldova nümayəndəsinə heç bir şans tanımayan millimizin lideri ardıcıl 2-ci, ümumilikdə 3-cü dəfə Avropa çempionatının finalına yüksəlib (report). Həlledici qarşılaşmada təcrübəsindən, taktika və texnikasından maksimum yararlanan Hacı türk həmkarına göz açmağa imkan verməyib və titulunu qoruyub. Beləliklə, Əliyev həm 3 qat dünya, həm də 3 qat Avropa çempionu olub.


Ağahüseyn Mustafayev Avropa çempionatına möhtəşəm başlayıb. Ardıcıl iki dünya çempionunu - Rusiya və Ermənistan pəhləvanını məğlub edən yığma üzvü yarımfinala adlayıb. Finalın bir addımlığında Böyük Britaniya təmsilçisini də rahat üstələyən Ağahüseyn karyerasında ilk dəfə AÇ-nin finalına vəsiqə qazanıb. Ancaq türk güləşçiyə uduzaraq gümüş medalla kifayətlənib.


Millimizin kapitanı Cəbrayıl Həsənov qitə birinciliyinə inamlı start verib. Startda gürcü güləşçi üzərində əzmkar qələbə qazanan ikiqat Avropa çempionu ardınca Almaniya idmançısını tam üstünlüklə məyus edib və yarımfinala yüksəlib. Finalın bir addımlığında isə Moldova güləşçisi Həsənova müqavimət göstərə bilməyib. Beləliklə, Cəbrayıl 6-cı dəfə AÇ-nin finalına yüksəlib. Həsənov Rusiya güləşçisi yarımfinalda zədələndiyi üçün finalda güləşmədən 3-cü dəfə Avropa çempionu olub.


Püşkdə bəxti gətirməyən Nurməhəmməd Hacıyev startda olimpiya, dünya və Avropa çempionu Abdulrəşid Sadullayevlə qarşılaşıb və uduzub. Ancaq titullu rəqib finaladək irəlilədiyi üçün Hacıyev ertəsi gün təsəlliverici görüşə çıxıb və alman güləşçiyə şans tanımayıb. Hacıyev axşam seansında "bürünc" üçün mübarizə aparıb və arzusuna çatıb.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND