Yeni ELOU-AVT qurğusunun inşasına gələn il başlanıla bilər


24.04.2019 16:35
160
Yeni ELOU-AVT qurğusunun inşasına gələn il başlanıla bilər

Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun modernizasiya və yenidənqurma layihəsi çərçivəsində yeni ELOU-AVT (neftin ilkin emalı) qurğusunun inşasına 2020-ci ildə başlanıla bilər.


Ekspress.az xəbər verir ki, bunu SOCAR-ın emal üzrə vitse-prezidenti David Məmmədov jurnalistlərə bildirib.


"Artıq zavodda aparılan modernizasiya və yenidənqurma layihəsi çərçivəsində neftin ilkin emalı üzrə yeni qurğunun inşa olunması qərara alınıb.Hazırda iki podratçı (EPC- Mühəndislik, Layihələndirmə və Tikinti- Rep.)ilə danışıqlar aparılır. Həmin podratçılar kommersiya təkliflərini verdikdən sonra bu təkliflər dəyərləndiriləcək", - deyə o, qeyd edib. 


O qeyd edib ki,qurğu ilə bağlı texniki işlərin bu il yekunlaşdırılması planlaşdırılır, İlkin Detallı Layihələndirmə və qiymətləndirmədən sonra tikinti ilə bağlı qərar veriləcək."Əgər tikinti işlərinə 2020-ci ildə başlanılarsa, qurğunun tikintisi 2023-cü ilin sonuna yekunlaşa bilər", - deyə D.Məmmədov əlavə edib (report). 


Qeyd edək ki, əvvəlki strategiyaya əsasən, Heydər Əliyev adına Neft Emalı Zavodundakı illik 6 mln. ton xam neft emalı gücünə malik neftin ilkin emalı qurğusunun yenidənqurulması, zavodun ümumi emal gücünün 7,5 mln. tona çatdırılması üçün keçmiş “Azərneftyağ” zavodundakı illik məhsuldarlığı 2 mln. ton olan qurğunun demontaj edilərək Neft Emalı Zavoduna köçürülməsi və burada quraşdırılması nəzərdə tutulurdu. Aparılan tədqiqat işləri nəticəsində yenidənqurma və köçürülmənin əvəzinə yeni qurğunun inşasının daha sərfəli olduğu qənaətinə gəlinib. Yeni qurğunun illik emal gücü 7,5 mln. ton təşkil edəcək.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND