Ödənişli təhsil alanların diqqətinə... - Dəyişiklik


23.09.2019 22:12
119
Ödənişli təhsil alanların diqqətinə... - Dəyişiklik

Dövlət sifarişi əsasında və ödənişli təhsil forması üzrə yerlərə qəbul olan abituriyentlərin bal göstəriciləri arasındakı fərq nəzərə alınaraq, ödənişli təhsil alanlar üçün ali məktəblər tədris proqramında dəyişiklik aparmalı, onları bir qədər genişləndirilmiş proqram əsasında hazırlamalıdırlar.


Ekspress.az xəbər verir ki, bu, Dövlət İmtahan Mərkəzinin (DİM) 2018-2019-cu tədris ili üçün tələbə qəbulu ilə bağlı elmi-statistik təhlilində yer alıb.


DİM-in araşdırmalarına əsasən, abituriyentlərin imtahan fənlərinə cavablarının təhlili özəl ali təhsil müəssisələrinə qəbul olanların göstəricilərinin dövlət ali təhsil müəssisələrinə qəbul olanların göstəricilərindən aşağı olduğunu göstərir. Belə nəticə göstərənlər sonradan birinci kursun tədris proqramını mənimsəməkdə çətinlik çəkirlər:


"Ona görə də özəl ali təhsil müəssisələri birinci kurs tələbələri üçün genişləndirilmiş tədris proqramları hazırlamalı və həmin proqramları tədrisin intensivləşdirilməsi hesabına həyata keçirməlidirlər. Eyni zamanda, dövlət sifarişi əsasında və ödənişli təhsil forması üzrə olan yerlərə qəbul olan abituriyentlərin bal göstəriciləri arasındakı fərq nəzərə alınaraq, ödənişli təhsil forması üzrə qəbul olanların təhsil üçün ödədiyi vəsaitin bir hissəsi onların müasir təhsil standartları səviyyəsində hazırlığına yönəldilməlidir".


Təhlildəki məlumatlara əsasən, dövlət sifarişi əsasında ayrılan yerlərə qəbul olan abituriyentlərin hazırlıq səviyyəsi ödənişli təhsil forması üzrə qəbul olanlardan əhəmiyyətli dərəcədə yüksəkdir:


"Ötən tədris ili üzrə aparılmış qəbulun nəticələrinə görə, ali təhsil müəssisələrinə dövlət sifarişi əsasında ayrılmış yerlərə və ödənişli təhsil forması üzrə ayrılmış yerlərə qəbul olanların bilikləri arasında ən az fərq hər iki bölmədə IV ixtisas qrupundadır. Ali təhsil müəssisələrinə dövlət sifarişi əsasında ayrılmış yerlərə və ödənişli təhsil forması üzrə qəbul olanların fənlər üzrə cavablarının ortastatistik göstəriciləri arasında ən böyük fərq hər iki bölmə üzrə II ixtisas qrupuna daxil olan fənlərə cavablarında müşahidə olunur. Bu ixtisas qrupunda ödənişli təhsil forması üzrə qəbul olanların cavablarının göstəriciləri dövlət sifarişi əsasında qəbul olanların cavablarından Azərbaycan bölməsində 1.47-2.04, rus bölməsində isə 1.46-1.96 dəfə aşağıdır. Ümumilikdə götürdükdə, dövlət sifarişi əsasında ayrılmış yerlərə qəbul olan orta statistik abituriyentin bal göstəricisi ödənişli təhsil forması üzrə ali təhsil müəssisəsinə qəbul olan orta statistik abituriyentin bal göstəricisindən 1.51-1.55 dəfə yüksəkdir”.


Ekspress.az