"Orta məktəblərdə psixoloqların ləğvi düzgün deyil” - Komitə sədri

19.02.2019 17:00
503
"Orta məktəblərdə psixoloqların ləğvi düzgün deyil” - Komitə sədri

Milli Məclisin bu gün keçirilən növbəti plenar iclasında “Ümumi təhsil haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.


Ekspress.az xəbər verir ki, layihə barədə məlumat verən parlamentin elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli bildirib ki, 5 fəsil, 33 maddədən ibarət qanun layihəsi Azərbaycanda ümumi təhsilin təmin olunması sahəsində dövlət siyasətinin əsas prinsiplərini, ümumi təhsilin təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən edir.


Deputat qeyd edib ki, qanun layihəsinin 12-ci (Ümumi təhsil müəssisəsi) maddəsində bildirilib ki, ümumi təhsil müəssisəsində təhsilalanlar üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş geyim formaları tətbiq ediləcək.


İ.Həbibbəyli bildirib ki, bəzi məktəblərdə məktəbli forması tətbiq olunsa da, ancaq bütün məktəbləri əhatə etməyib.


Komitə sədrini sözlərinə görə, qanun layihəsinin 13-cü (Ümumi təhsilin təşkili) maddəsinə əsasən, ümumi təhsilin tam orta təhsil səviyyəsində təhsil təmayüllər üzrə (humanitar, texniki, təbiət və digər) təşkil edilir:

“Təmayül sinifləri şagirdlərinin sayı ən azı 15 nəfər olmaqla komplektləşdiriləcək. Hazırda bu rəqəm 20-dir”.


Ümumiyyətlə, Qanun layihəsində bildirilib ki, tədris ili ərzində təmayül siniflərində şagird sayının azalması həmin siniflərin fəaliyyətinin davam etdirilməsinə məhdudiyyət yaratmır.

Bundan başqa, qanun layihəsinin 31-ci (Ümumi təhsil sahəsində sahibkarlıq və innovasiva fəaliyyəti) maddəsinə əsasən, ümumi təhsil müəssisəsi əlavə gəlir əldə etmək məqsədi ilə nizamnaməsində nəzərdə tutulmuş qaydada profilinə və fəaliyyət istiqamətlərinə uyğun olaraq və təhsilin prioritetliyini əsas götürməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi sahibkarlıq fəaliyyəti növləri ilə (ödənişli təhsil xidmətləri, yardımçı təsərrüfatlardan əldə olunan məhsulların, şagirdlərin əl işlərinin satışından və icarədən əldə olunan gəlirlər və s.) məşğul ola bilər.


İ.Həbibbəyli psixoloqlarla bağlı məsələyə də toxunaraq deyib ki, bəziləri bunun ləğvini təklif edirdilər:

“Onlar orta məktəblərdə psixoloqlara ehtiyac olmadığını bildirirdilər. Amma bəziləri də belə hesab edirdilər ki, əksinə, psixoloqların sayının daha çox artırılmasına ehtiyac duyulur. Biz də komitə olaraq, hesab etdik ki, psixoloqlara ehtiyac var, onların ləğvi, sayının azaldılması düzgün deyil”.


Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq ikinci oxunuşda qəbul edilib.


AQİL

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND